BDU əməkdaşları beynəlxalq simpoziumda elmi məruzələrlə çıxış ediblər
Bakı, 21 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin əməkdaşları Türkiyənin Üsküdar Universiteti tərəfindən təşkil olunan 13-cü Beynəlxalq Kommunikasiya Günlərində iştirak ediblər.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, Şimali Kipr Türk Cümhuriyyətinin Lefkoşa şəhərində keçirilən və “Kommunikasiyada süni intellekt: nəzəriyyə və təcrübə” mövzusuna həsr olunan beynəlxalq simpoziumda BDU nümayəndələri elmi məruzələrlə çıxış ediblər.
Simpoziumun açılış mərasimində fəxri qonaq qismində çıxış edən BDU-nun Jurnalistika fakültəsinin dekanı professor Vüqar Əliyev süni intellektin dezinformasiya ekosistemində rolu, informasiya təhlükəsizliyi və media mühitində yaratdığı yeni çağırışlardan bəhs edib. O, çıxışında rəqəmsal transformasiya dövründə media savadlılığının və peşəkar jurnalistikanın əhəmiyyətini vurğulayıb.
Konfransın panel iclaslarında BDU-nun Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri dosent Xatirə Hüseynova, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri dosent Aynur Nəsirova, həmçinin müəllimlər Təranə Mahmudova, Günel Heydərova və Nurşərəf Tağıyeva onlayn formatda elmi məruzələrlə çıxış ediblər. Məruzələrdə süni intellektin media və kommunikasiya sahəsində tətbiqi, rəqəmsal jurnalistikanın çağırışları və informasiya siyasəti ilə bağlı aktual məsələlər müzakirə olunub.