İordaniya mətbuatı WUF13 barədə yazıb
Qahirə, 21 may, AZƏRTAC
İordaniyanın “Petra” Dövlət İnformasiya Agentliyinin rəsmi saytında, “Jordan Daily” xəbər portalında, həmçinin aparıcı “Əl-Dustur” dövlət qəzetində, eləcə də geniş oxucu auditoriyasına malik “Əl-Ğad”, “Nayrouz”, “Al Balad news”, “Al Qubbah News” və “Hala News” xəbər portallarında Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) uğurla təşkil edilməsi haqqında məqalələr yayımlanıb.
AZƏRTAC xəbər verir ki, məqalələrdə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) təşkilatçılığı ilə keçirilən tədbirin aktual məsələlərin müzakirəsi üçün yaxşı platforma olduğu qeyd olunur. Bildirilir ki, “Dünya üçün yaşayış: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusuna həsr olunmuş tədbir çərçivəsində şəhərsalma, mənzil siyasəti, iqlim dəyişiklikləri, rəqəmsal transformasiya və dayanıqlı inkişaf məsələləri üzrə geniş müzakirələr aparılır.
Məqalələrdə WUF13-ün açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizin müasir şəhərsalma siyasəti, tarixi irsin qorunması və dayanıqlı inkişaf istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verildiyi diqqətə çatdırılıb. Dövlətimizin başçısının çıxışında Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin, “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin uğurla həyata keçirilməsinin vurğulandığı xüsusi qeyd olunub.
Yazılarda Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi yaşıl zona və innovativ şəhərsalma konsepsiyalarının beynəlxalq iştirakçılar tərəfindən yüksək qiymətləndirildiyi bildirilib. Həmçinin Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işlərinin postmünaqişə dövrünün ən müasir inkişaf modellərindən biri kimi təqdim olunduğu vurğulanıb.
Məqalələrdə, həmçinin WUF13 çərçivəsində ilk dəfə təşkil olunmuş Liderlər Sammitinin tədbirin siyasi və beynəlxalq əhəmiyyətini daha da artırdığı qeyd edilib. Dövlət və hökumət başçılarının, nazirlərin, şəhər merlərinin və beynəlxalq təşkilat nümayəndələrinin iştirakı ilə keçirilmiş görüşlərin Bakının qlobal dialoq platformasına çevrildiyini nümayiş etdirdiyi bildirilib.
Bununla yanaşı, yazılarda tədbirin yüksək səviyyədə təşkili, təhlükəsizlik, logistika, nəqliyyat və rəqəmsal idarəetmə sistemlərinin beynəlxalq iştirakçılar tərəfindən xüsusi rəğbətlə qarşılandığı diqqətə çatdırılıb. Məqalələrdə Bakı şəhərinin tarixi irslə müasir urbanizasiya arasında uğurlu balans yaradan şəhər kimi xarakterizə olunduğu qeyd edilib.
Yazılarda WUF13-ün Azərbaycanın beynəlxalq imicinin daha da möhkəmlənməsinə və ölkənin dayanıqlı şəhərlərin gələcəyi ilə bağlı qlobal müzakirələrdə fəal iştirak edən dövlətlərdən biri kimi mövqeyinin güclənməsinə mühüm töhfə verdiyi bildirilib.