Anar Quliyev: Dayanıqlı şəhər inkişafı və bərpaolunan enerji Azərbaycanın strateji prioritetlərindəndir
Bakı, 19 may, AZƏRTAC
Bərpaolunan enerji layihələrinin genişləndirilməsi, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, dayanıqlı şəhər inkişafı Azərbaycanın uzunmüddətli iqtisadi və ekoloji strategiyasının əsas istiqamətlərindən biridir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “D-8 bölgəsində davamlı şəhərlərin enerji keçidlərinin şəhər inkişafı gündəmləri ilə uyğunlaşdırılması” adlı tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, həyata keçirilən enerji və şəhərsalma layihələri yeni iş yerlərinin yaradılmasına, həyat keyfiyyətinin yüksəldilməsinə, investisiya axınının güclənməsinə və innovasiyaların təşviqinə mühüm töhfə verir.
“Bu yanaşma Azərbaycanın “təmiz enerji”yə keçid strategiyası ilə sıx əlaqəlidir. Ölkədə icra olunan bərpaolunan enerji layihələri, o cümlədən Qarabağ Günəş elektrik stansiyası və digər külək enerji layihələri nəticəsində enerji balansında bərpaolunan mənbələrin payının mərhələli şəkildə 13 faizdən təxminən 38 faizə çatdırılması hədəflənir. 2032-ci ilədək Azərbaycanın ümumi bərpaolunan enerji gücünün 8 giqavata yüksəldilməsi planlaşdırılır. Bu isə ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsi ilə yanaşı, dayanıqlı inkişaf məqsədlərinə mühüm töhfə verəcək”, - deyə Anar Quliyev bildirib.