Beynəlxalq Miqrasiya Təşkilatının rəsmisi: Böhranlardan zərər çəkən insanlara dövlət dəstəyi xüsusi əhəmiyyət daşıyır
Bakı, 19 may, AZƏRTAC
İnsanların şəhərlərə axını artıq aydın görünən qlobal problemlərdən biridir. İqlim böhranı, səhralaşma və müxtəlif təbii fəlakətlər bir çox ölkələrdə insanların kənd və riskli ərazilərdən şəhərlərə köçməsinə səbəb olur. Bu proses isə gələcəkdə ciddi humanitar böhranlara gətirib çıxara bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının İqlim Fəaliyyəti üzrə direktoru Rania Şarşr WUF13 çərçivəsində “Avropa və Yenidənqurma İnkişaf Bankı - köçkünlüyün ön xəttində şəhərlər - inklüzivlik və davamlılıq üçün idarəetmə” mövzusunda keçirilən tədbirdə deyib.
“Biz hesab edirik ki, yalnız humanitar cavab tədbirləri ilə kifayətlənmək olmaz. Əsas məqsəd insanların köçkünlük probleminin uzunmüddətli və dayanıqlı həllini tapmaqdır. Bu istiqamətdə müxtəlif hökumətlər və idarəetmə qurumları ilə əməkdaşlıq edilir. Burada əsas məsələlərdən biri də insanların xidmətlərə əlçatanlığının təmin olunmasıdır. Biz problemlərə hazır həll paketləri ilə yanaşmalı, genişmiqyaslı proqramlar hazırlamalı və ölkələrdə diaqnostik təhlillər aparmalıyıq. Eyni zamanda, sürətləndirici maliyyə mexanizmləri və innovativ yanaşmalar üzərində işləyərək dayanıqlı yaşayış həllərinin yaradılmasına çalışırıq”, - deyə R.Şarşr qeyd edib.
O bildirib ki, WUF13 həm də urbanizasiya ilə bağlı problemlərə diqqət yetirir. Əsas məqsəd iqlim böhranının təsirlərini azaltmaq, davamlı həllər tapmaq və sərmayədarları, bankları və beynəlxalq tərəfdaşları bir araya gətirməkdir. Bununla yanaşı, konfliktlərin və təbii fəlakətlərin qarşısının alınması istiqamətində əməkdaşlığın gücləndirilməsi vacibdir. Böhranlardan zərər çəkən insanlara dövlət dəstəyi xüsusi əhəmiyyət daşıyır.