Lyudmila Sirko: Biz məcburi köçkünlər üçün sosial mənzil layihəsinin inkişafında çox maraqlıyıq
Bakı, 19 may, AZƏRTAC
Ukraynada 150 min köçkün var, onların 17 mindən çoxu əlil insanlardır, 18 yaşdan aşağı 38 min gənc var. Müharibənin başlamasından iki gün sonra biz koordinasiya mərkəzi yaratdıq və qaçqınlar üçün sığınacaqlar təşkil etdik. Müharibə dövründə hər gün 5000-6000 nəfərə qədər insan qəbul edirdik və onlar sığınacaqlarda bir həftə qalırdılar.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ukraynanın İvano-Frankivsk vilayəti rəhbərinin müavini Lyudmila Sirko WUF13 çərçivəsində "Avropa və Yenidənqurma İnkişaf Bankı - Köçkünlüyün ön xəttində şəhərlər - İnklüzivlik və Davamlılıq üçün İdarəetmə" mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, eyni zamanda, məcburi köçkünlər özləri ilə bilik, təcrübə və müxtəlif sahələr üzrə peşəkar bacarıqlar gətirirlər ki, bu da yeni imkanların yaranmasına səbəb olur: “Biz məcburi köçkünlər üçün sosial mənzil layihəsinin inkişafında çox maraqlıyıq. Beynəlxalq əməkdaşlıq sayəsində vəsait cəlb edir və yaşayış evləri tikirik. Müharibə dövründə ilk dəfə olaraq Ukrayna mənzil təminatı sisteminə başladı. Biz bələdiyyə binalarında avadanlıq təmin etməyə çalışırıq. Uzunmüddətli yaşayış üçün 45 bina artıq rekonstruksiya oluna bilər. Həmçinin müvəqqəti mənzil təminatı üçün binalar tikilməkdədir. 170 mənzil hazırda tikilir. Donorların dəstəyi ilə bu binaların tikintisi davam edir”.
"Biz sosial yaşayış məskənlərinin inkişafında, vahid insan məskənləri sisteminin yaranmasında maraqlıyıq. Eyni zamanda Ukrayna kirayə mənzillərin verilməsində müəyyən işlərin həyata keçirilməsində maraqlıdır", - deyə Lyudmila Sirko əlavə edib.