Baş mühəndis: Əyriçay su anbarının su tutarlılığını iki dəfə artırmaq mümkün olacaq
Şəki, 19 may, AZƏRTAC
Şəki rayonu ərazisində yerləşən Əyriçay su anbarı həcminə görə bölgədə Şəmkirçay və Viləşçay su tutarlarından sonra ən iri və ilk böyük layihə sayılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizdə su tutarlarının yaradılması istiqamətində 40 il əvvəl başlanılan bu layihənin inşası iki mərhələdə nəzərdə tutulsa da, indiyədək yalnız birinci mərhələ tamamlanıb. Hazırkı dövrdə su anbarlarına olan yüksək tələbat hər kəsə bəllidir. Eyni zamanda, Şəki və Qax rayonlarında minlərlə hektar dəmyə, suvarılmayan torpaq sahələri var ki, fermerlər onlardan səmərəli istifadə edə bilmirlər. Digər tərəfdən, su anbarının lil qatı indiyədək təmizlənmədiyindən su tutarı həddindən artıq yüklənib. Ona görə də Əyriçay su anbarının ikinci mərhələsinin inşası və bərpası məsələsi yenidən gündəmə gəlib.
Şəki Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Nüsrət İsrafilov bildirib ki, ölkəmizdə su ehtiyatlarının artırılması istiqamətində həyata keçirilən bu layihənin əsas məqsədi Şəki və Qax rayonlarında əkin sahələrinin suvarılmasını təmin etməkdir. Anbar rayonun Qudula, Babaratma, Qaradağlı və Küdürlü kəndlərinin 1200 hektar ərazisini əhatə edir.
Anbarın qidalandığı dağ çaylarının gətirdiyi lil qatı çoxaldığından suların axmasında ciddi problemlər yaranıb. Bu isə ilk növbədə, ətrafda yaşayan kənd sakinlərinin mal-mülkünə ciddi zərər vurur.
Mütəxəssislərin hesablamalarına görə, Şin, Kiş və Əyriçaydan qidalanan su anbarına il ərzində təxminən 1 milyon 300 min kubmetr lil yığılır. Bu isə anbarın faydalılıq həcmini kifayət qədər azaldır. Müəyyən tədbirlər görülməklə anbarın su tutarlılığını iki dəfə artırmaq və bununla da 18 min hektara yaxın ərazini suvarma suyu ilə təmin etmək mümkündür.
Baş mühəndis Nüsrət İsrafilov bildirib ki, anbarın ikinci mərhələsinin icrası üçün layihə işləri hazırlanaraq yekunlaşdırılıb və tikinti-quraşdırma işlərinin başlanılması planlaşdırılır. Onun sözlərinə görə, layihənin bərpası, ilk növbədə, Şəki və Qax rayonlarında kənd təsərrüfatının inkişafına səbəb olacaq. Həmçinin Qaxın Ağyazı ərazisində fəaliyyət göstərən aqroparkın su təminatını yaxşılaşdıra və onun istehsal sahələrinin şaxələndirilməsinə təkan verə bilər. Ən vacib məsələ su anbarının lildən təmizlənməsi, həcminin artırılmasıdır ki, bu da yanğın hadisələri zamanı helikopterlərin daha yaxın ərazidən su götürməsində və yanğının daha tez söndürülməsində mühüm rol oynaya bilər.
Müxbir - Rasim İslamoğlu