“Kəpəz” klubunun “Daçiya” ilə keçirəcəyi cavab görüşünün stadionu dəyişdirilib
Bakı, 24 iyun, AZƏRTAC
Gəncənin “Kəpəz” futbol klubunun Avropa Liqasının I təsnifat mərhələsində Moldova “Daçiya”sı ilə keçirəcəyi cavab görüşünün stadionu dəyişdirilib.
AZƏRTAC UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, iyulun 7-də baş tutacaq qarşılaşma Kişinyovun “Zimbru” stadionunda yox, paytaxtdan 33 kilometr aralıda yerləşən Speya rayonundakı eyniadlı stadionda olacaq.
Matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. 8 min 500 tamaşaçı tutumuna malik stadion “Daçiya”nın ev arenası sayılır və beynəlxalq oyun keçirməyə razılıq alıb. Bu komandalar arasındakı ilk qarşılaşma isə iyunun 28-də Bakının Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da oynanılacaq. Matçın start fiti saat 20:00-da səsləndiriləcək.
Avroliqadakı digər klublara gəldikdə, iyunun 30-da 8-ci kilometr qəsəbə stadionunda “Qəbələ” və Gürcüstan “Samtredia”sı arasındakı oyun saat 21:00-da start götürəcək. Zestafonidəkı David Abaşidze adına stadionda oynanılacaq cavab görüşü isə saat 19:00-a təyin olunub.
Ayın son günündə Maltanın Paolo şəhərində keçiriləcək qarşılaşmada isə “Baltsan” və “Neftçi” klubları üz-üzə gələcək. “Hibernians” stadionundakı oyun saat 20:00-da başlayacaq. İyulun 7-də Bakıda keçiriləcək cavab görüşündə də komandalar eyni saatda 8-ci kilometr qəsəbə stadionunda üz-üzə gələcəklər.