KİKBOKSİNQ ÜZRƏ PEŞƏKARLAR ARASINDA I AZƏRBAYCAN ÇEMPİONATININ TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, martın 30-da Bakı İdman Sarayında kikboksinq üzrə peşəkarlar arasında birinci Azərbaycan çempionatı, WAKO-PRO versiyası üzrə interkontinental kəməri və Avropa çempionatı kəməri uğrunda beynəlxalq turnir başlanmışdır.
Bu münasibətlə keçirilən tədbirin əvvəlində 31 mart Azərbaycanlıların Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Yarışların təntənəli açılış mərasimində çıxış edən Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev demişdir ki, bu gün ölkəmizdə bütün sahələrdə olduğu kimi, idmanda da böyük irəliləyiş, inkişaf özünü göstərməkdədir. Son illər gənclər arasında kikboksinq idman növünə marağın artdığını vurğulayan natiq, bu sahədə görüləcək işləri də diqqətə çatdırmışdır.
Bildirilmişdir ki, bu gün peşəkarlar arasında I Azərbaycan çempionatında idmançılar 5 çəki dərəcəsi üzrə mübarizə aparacaqlar.
Natiq vurğulamışdır ki, turnirdə Rusiya Federasiyasından və İspaniyadan olan peşəkar döyüşçülər Aleksandr Vikulov və Oskar Ruyeda (hər ikisi 62 kq) yarışacaqlar. Azərbaycanı peşəkar döyüşçülər - Avropa və dünya çempionları Eduard Məmmədov, Hafiz Baxşəliyev və digərləri təmsil edəcəklər. Həmçinin 88 kiloqram çəki dərəcəsində də iki beynəlxalq görüş keçiriləcəkdir.
Tədbirdə iştirak edən Ümumdünya Kikboksinq Təşkilatları Assosiasiyasının (WAKO) prezidenti Enio Falsone Azərbaycanda idmanın inkişafına göstərilən diqqət və qayğını yüksək qiymətləndirmişdir. Qonaq bildirmişdir ki, burada bacarıqlı kikboksinqçilər yetişməkdədir.
E.Falsone Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyasının fəaliyyətindən razı qaldığını bildirmiş və bu sahədə görülmüş işləri yüksək qiymətləndirmişdir.
Sonra qonaq təmsil etdiyi qurumun xüsusi hədiyyəsini Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyasının prezidenti Adil Əliyevə təqdim etmişdir.
Açılış mərasimi gənc ifaçıların konsert proqramı ilə davam etdirilmişdir.
######
