Kimyaçı alimlərin tədqiqatlarının nəticələri beynəlxalq jurnalda dərc olunub
Bakı, 28 avqust, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunun alimləri - akademik Vaqif Fərzəliyev, kimya elmləri doktoru Əfsun Sucayev, elmi işçi Xədicə Məmmədyarova və Bakı Dövlət Universitetinin professoru Afət Hüseynovanın xarici həmkarları ilə birlikdə növbəti məqaləsi impakt faktorlu jurnalda dərc edilib.
Aşqarlar Kimyası İnstitutundan AZƏRTAC-a bildirilib ki, “Biomolekulyar struktur və dinamika” jurnalında dərc edilən məqalə beynəlxalq müştərək tədqiqat çərçivəsində hazırlanıb.
Məqalə ilk dəfə 1,2-aminpropantiolların yeni əvəzolunmuş törəmələrinin sintezi və müxtəlif fermentlər üzrə patoloji proseslərə qarşı antioksidant, izoenzim inhibitor fəallığının öyrənilməsi, “molekulyar dokinq” tədqiqatlarına həsr olunub. Aparılan çoxsaylı analizlər nəticəsində ayrı-ayrı funksional qrup saxlayan bu birləşmələrin Altsheymer və şəkərli diabetə qarşı yüksək aktivliyə malik olduğu təsdiqlənib.
Xatırladaq ki, impakt faktoru 3.220-yə bərabər olan “Biomolekulyar struktur və dinamika” jurnalı “Web of Science” və “Scopus” beynəlxalq elmi bazalarına daxildir.