Kinoşünas: Klassik filmlərimiz milli-mənəvi sərvət kimi qorunmalıdır
Bakı, 8 sentyabr, AZƏRTAC
Azərbaycan kino irsinin qorunması, rəqəmsallaşdırılması və yeni nəslə çatdırılması üçün, ilk növbədə, müasir texnologiyalardan istifadə edilməli, klassik filmlərimiz yüksək keyfiyyətdə bərpa olunmalıdır. Köhnə ekran əsərlərinin qorunması və bərpası müasir dövrdə yeni filmlərin çəkilməsi qədər vacib məsələdir. Bu gün Azərbaycanda dövlət vəsaiti hesabına hər il müəyyən sayda filmlər istehsal olunur. Bununla yanaşı, kino irsimizin bərpasına da xüsusi diqqət yetirilməlidir.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, kinoşünas Nadir Bədəlov bildirib.
Onun sözlərinə görə, kino yalnız yaradıcı şəxslərin əməyinin nəticəsi deyil. Tamaşaçının filmə münasibəti də ekran əsərinin yaşamasında mühüm rol oynayır. Tamaşaçı müəyyən mənada filmin həmmüəllifinə çevrilir: onu qavrayır, sevir, yaşadır, dönə-dönə izləyir, filmdən sitatlar gətirir və musiqilərini ifa edir.
“Mənim mənsub olduğum və məndən sonra gələn nəsillər klassik Azərbaycan filmlərini yaxşı xatırlayır, hətta onları əzbər bilirlər. Həmin filmlər yüksək görüntü keyfiyyətində təqdim edilməsə belə, yenə də maraqla izləyirik. Lakin yeni nəsil aşağıkeyfiyyətli videomateriallara baxmağa həvəs göstərmir. Klassik filmlərimiz müasir keyfiyyətdə bərpa olunmasa, gənclər həmin ekran əsərlərindən uzaqlaşa bilərlər. Bu isə kino tamaşaçılarının bir neçə nəslinin itirilməsinə və nəsillər arasında kinematoqrafik bağın qırılmasına səbəb ola bilər”, – deyə kinoşünas bildirib.
Nadir Bədəlov qeyd edib ki, nəsillər arasında əlaqə və ənənə olmazsa, həqiqi yenilik də yarana bilməz. Yeniliyin gücü ənənəni inkişaf etdirmək, ona yeni məzmun qazandırmaq və onu daha da təkmilləşdirməkdədir.
Kinoşünasın fikrincə, köhnə Azərbaycan filmlərinin yalnız nostalji nümunəsi kimi deyil, milli-mədəni irsin ayrılmaz hissəsi kimi öyrənilməsi mühüm əhəmiyyət daşıyır. Çünki ağac kökü üzərində böyüdüyü kimi, müasir kino da tarixi və yaradıcı ənənələri əsasında inkişaf edir. Klassik filmlər xalqımızın müəyyən dövrlərdə necə yaşadığını, düşündüyünü, hansı mənəvi-psixoloji xüsusiyyətlərə malik olduğunu əks etdirən qiymətli mənbələrdir. Bugünkü cəmiyyət də həmin tarixi inkişafın davamıdır.
O deyib ki, kino irsinin hərtərəfli öyrənilməsi üçün Azərbaycanda kinoşünaslığın inkişafına da diqqət yetirilməlidir. Ötən il yaradılan Kinoşünaslar və Kinotənqidçilər Gildiyasında həm klassik, həm də müasir filmlər nümayiş etdirilib, onların ətrafında maraqlı müzakirələr aparılıb. Həmin müzakirələr müxtəlif nəsillərin kinoya münasibətindəki fərqləri aydın şəkildə göstərib:“Yaşlı və orta nəsil klassik filmlərə daha çox nostalji hisslərlə yanaşır, həmin ekran əsərlərində öz gəncliyini görür. Gənc nəsil isə bu filmlərə tamamilə fərqli nəzərlə baxır, onları müasir yaradıcılıq və tənqid meyarları ilə qiymətləndirir. Bütün bunlar göstərir ki, kino tariximiz bu gün də yaşayır və davam edir”.
Nadir Bədəlov vurğulayıb ki, Azərbaycan kinosunun yüz ildən artıq tarixi və möhkəm təməlləri var. Bir əsrdən çoxdur ölkəmizdə filmlər çəkilir və həmin ekran əsərləri xalqımızın həyatından, dünyagörüşündən, düşüncə tərzindən və psixologiyasından bəhs edir. Müəyyən dövrlərdə filmlərə ideologiyanın təsiri olsa da, əsas məsələ bu əsərlərdə xalqın mənəvi dünyasının və tarixi yaddaşının əks olunmasıdır.
“Biz kino tariximizin davamlılığını qorumalı, hər şeyə sıfırdan başlamamalıyıq. Mövcud irsi inkar etmək deyil, onu öyrənmək, inkişaf etdirmək və yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirmək lazımdır”, – deyə o bildirib.
Kinoşünas, həmçinin Azərbaycan kino tarixinə dair tədqiqatların sayının az olduğunu, klassik filmlərimizin kifayət qədər təhlil edilmədiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, həmin ekran əsərlərinə yeni nəzərlə baxılmalı, onlar müasir dövrlə əlaqəli şəkildə yenidən araşdırılmalıdır.
Müxbir – Günel Alıyeva