Kişineuda Şuşanın işğalına həsr olunmuş mərasim keçirilib
Kişineu, 8 may, AZƏRTAC
Mayın 8-də Azərbaycanın Macarıstandakı səfirliyi və Moldova Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Kişineuda Şuşanın işğalının 26-cı ildönümü ilə əlaqədar mərasim keçirilib.
Azərbaycanın Moldovadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə səfirlik və konqres nümayəndələri, azərbaycanlı və moldovalı tələbələr iştirak ediblər.
Mərasimdə çıxış edən səfir Qüdsi Osmanov Azərbaycanın qədim mədəniyyət mərkəzi və musiqi beşiyi olan Şuşanın erməni hərbçiləri tərəfindən işğalından 26 il ötdüyünü xatırladıb. Diqqətə çatdırıb ki, işğal hazırda da davam edir. Yüzlərlə mədəniyyət və tarixi abidələrimiz, minlərlə yaşayış məskənləri erməni işğalçıları tərəfindən məhv edilib, insanlar doğma yurd-yuvalarından məcburi köçkün düşüb, yüzlərlə insan xüsusi vəhşiliklə qətlə yetirilib, əsir və girov götürülüb. Diplomat qeyd edib ki, bu gün hər bir azərbaycanlı gənc öz tarixini, keçmişini yaxşı bilməli, torpaq təəssübkeşliyi hər bir azərbaycanlının qəlbində olmalıdır.
Konqresin sədri Vüqar Novruzov çıxış edərək tarixi Azərbaycan torpaqlarının hazırda işğal altında olduğunu vurğulayıb, müharibənin acı nəticələrindən danışıb.
Mərasimin sonunda iştirakçılar “Şuşa” lövhəsi önünə gül qoyublar.
Səfirliyin konfrans zalında azərbaycanlı, moldovalı və xarici tələbələrin iştirakı ilə “dəyirmi masa” da keçirilib. İştirakçıların diqqətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair tarixi faktlar və həqiqətlər çatdırılıb.
Tədbirdə çıxış edən azərbaycanlı tələbələr moldovalı və xarici tələbələrə ölkəmizin torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu, bir milyondan çox insanın öz doğma torpaqlarından qovulduğunu və bu gün də qaçqın və məcburi köçkün kimi yaşadığını bildiriblər. Qeyd olunub ki, Ermənistan hazırda da işğalçı siyasətini davam etdirir.
Tələbə cəmiyyətinin sədri Orxan Ağayev, öz növbəsində, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərin, cinayətlərin, soyqırımlarının XX əsrin əvvəllərindən bəri davam etdiyini xatırladıb, 1905-1907-ci illər, 1918-ci il soyqırımları, eləcə də, 1992-ci il Xocalı soyqırımı barədə ətraflı məlumat verib.
Daha sonra münaqişə ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Münaqişəyə dair ətraflı məlumat əldə edən moldovalı tələbələr baş vermiş işğalı pisləyib, hər bir suveren, müstəqil dövlətin, o cümlədən Azərbaycan Respublikasının da ərazi bütövlüyünün toxunulmaz olduğunu qeyd ediblər.
Tədbirin sonunda Şuşanın işğalından bəhs edən sənədli film nümayiş olunub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu