KİYEVDƏ GUÖAM ÖLKƏLƏRİ PARLAMENT ASSAMBLEYASININ TƏSİS İCLASI KEÇİRİLMİŞDİR
V.Litvin iclası açaraq vurğuladı ki, Parlament Assambleyasının yaradılması bu qurum çərçivəsində əməkdaşlıq üçün imkanlardan istifadə etməyə şərait yaradır.
Ukrayna prezidentinin Ali Radadakı daimi nümayəndəsi Aleksandr Zadorojnı dövlət başçısı Leonid Kuçmanın iclas iştirakçılaırna təbrikini oxudu.
Milli Məclisin sədri Murtuz Ələsgərov çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikanın həyatının bütün sahələrində qazanılmış uğurlardan danışdı, habelə GUÖAM ölkələrinin siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığının daha da genişləndirilməsi naminə təşkilatın Parlament Assambleyasını yaratmağın vacibliyini söylədi. M.Ələsgərov ölkələrin ərazi bütövlüyünün təmin olunması işində, Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya və Dnestryanı bölgənin problemlərinin beynəlxalq hüquq normaları və dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında həlli məsələsində ümumi mövqenin əhəmiyyətini vurğuladı. Azərbaycan parlamentinin sədri xatırlatdı ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ölkəmizin ərazisinin 20 faizi işğal olunmuşdur, bir milyondan çox insan öz doğma yerlərindən didərgin düşmüşdür. O, həmçinin bildirdi ki, ikili standartlar siyasəti nəticəsində bu problemlər həll edilmir. M.Ələsgərov GUÖAM ölkələrinin parlament üzvlərini bu problemlərin həlli üçün, habelə beynəlxalq terrorizmlə mübairzədə daha çox səy göstərməyə çağırdı.
Danışıqlardan sonra Azərbaycan, Gürcüstan, Moldova, və Ukrayna parlamentlərinin rəhbərləri GUÖAM-ın Parlament Assambleyasının yaradılması haqqında Bəyannamə və bu qurumun Parlament Assambleyasının prosedur qaydaları haqqında Əsasnaməni imzaladılar.
GUÖAM Parlament Assambleyasının təsis iclasında Milli Məclisin nümayəndə heyətinin üzvləri və Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev iştirak edirdilər. 10-dan çox ölkənin səfirləri iclasda olmuşlar.
Milli Məclisin sədri Murtuz Ələsgərovun Ukraynaya rəsmi səfəri davam edir.