KİYEVDƏ MDB ÖLKƏLƏRİ DAXİLİ İŞLƏR NAZİRLƏRİ ŞURASININ NÖVBƏTİ İCLASI
İclasda Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak etmişdir.
Ukrayna Prezidenti Leonid Kuçma təbrik teleqramında Forum iştirakçılarına uğurlu iş arzulamışdır.
Azərbaycan DİN-in başçısı Ramil Usubov iclasın birinci günü çıxış edərək, beynəlxalq terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizədə ölkəmizin MDB dövlətləri ilə əməkdaşlığından danışmışdır.
Həmin gün R.Usubov Azərbaycanın Kiyevdəki səfirliyinin qarşısındakı bağda ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək gül-çiçək qoymuşdur.
X X X
Sentyabrın 30-da MDB ölkələri Daxili İşlər Nazirləri Şurasının iclası işini başa çatdırmışdır.
Həmin gün Ukrayna Prezidenti Leonid Kuçma nümayəndə heyətlərinin rəhbərlərini qəbul etmişdir. O, qlobal təhdidlərin, o cümlədən beynəlxalq terrorizmin qarşısını almaqda MDB ölkələrinin birgə fəaliyyətinin əhəmiyyətini vurğulamışdır. Ukrayna dövlətinin başçısı Birlik dövlətlərində qanunçuluğun və asayişin təmin olunmasında Daxili İşlər Nazirləri Şurasının mühüm rolunu da nəzərə çarpdırmışdır.
Görüşdə cinayətkarlıqla mübarizə sahəsində MDB ölkələri arasında qarşılıqlı fəaliyyət formalarının təkmilləşdirilməsi yollarından da söhbət getmişdir. L.Kuçma cinayətkarlıq yolu ilə əldə edilən gəlirlərin və terrorizmin maliyyələşdirilməsinin qarşısını almaq üçün Avrasiya qrupu yaradılması təşəbbüsünü dəstəklədiyini bildirmişdir.