KOFİ ANNAN TƏHLÜKƏSİZLİK ŞURASININ ÜZVLƏRİNİ BMT NİZAMNAMƏSİNİN PRİNSİPLƏRİ ƏTRAFINDA BİRLƏŞMƏYƏ ÇAĞIRMIŞDIR
BMT-nin baş katibi Kofi Annan martın 27-də Təhlükəsizlik Şurasının təcili iclasında çıxış edərək, İraqda gedən hərbi əməliyyatlar zamanı Cenevrə Konvensiyasına və beynəlxalq hüququn digər sənədlərinə əməl olunmasının zəruriliyini vurğulamışdır. Həmin sənədlərə uyğun olaraq, koalisiya ölkələri İraqda əhalinin humanitar ehtiyaclarının təmin edilməsi üçün məsuliyyət daşıyır və fəvqəladə humanitar yardım göstərilməsi ilə məşğul olan beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə borcludurlar.
Kofi Annan BMT Təhlükəsizlik Şurasının İraq ətrafında münaqişənin nizama salınması sahəsində fəaliyyətinə toxunaraq təəssüflə bildirmişdir ki, Təhlükəsizlik Şurası çərçivəsində göstərdiyi səylər uğursuz olmuşdur. Onun sözlərinə görə, 12 ildən artıq İraq məsələsini müzakirə edən TŞ fikir birliyinə nail olmalı və müharibənin tezliklə dayandırılması üçün səylər göstərməlidir.
BMT-nin baş katibi həmçinin demişdir ki, İraqa yardım göstərilməsini təmin etmək üçün humanitar təşkilatlarla əlbir işləyəcəkdir.
Kofi Annanın BMT-nin bu baş strukturunun vəzifələrinin təkcə İraqla məhdudlaşmadığı barədə sözləri dünyadakı bütün mövcud münaqişələrin həlli sahəsində Təhlükəsizlik Şurasının fəaliyyətini köklü surətdə dəyişdirmək üçün ciddi siqnal kimi səslənmişdir. O bildirmişdir ki, təcili və təkidlə diqqət yetirilməsini tələb edən çoxlu digər münaqişələr də baş verir. Kofi Annan demişdir: “İndi çoxları BMT-nin fəaliyyətindən məyus olmuşlar. Onların inamı ancaq Təhlükəsizlik Şurası konkret məqsədlər müəyyən etdiyi və bunlara nail olmaq naminə konstruktiv fəaliyyət göstərdiyi təqdirdə bərpa edilə bilər”.
BMT baş katibi çıxışının sonunda Təhlükəsizlik Şurasının üzvlərini ixtilafları dərinləşdirməməyə, beynəlxalq sülhü və təhlükəsizliyi qoruyub saxlamaq sahəsində BMT prinsiplərinə riayət olunması məqsədi ətrafında birləşməyə çağırmışdır.