KOLLEGİYA İCLASINDA PAYTAXTIN MƏDƏNİYYƏT VƏ TURİZM OCAQLARININ FƏALİYYƏTİ MÜZAKİRƏ EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 5-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrının binasında Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilmişdir.
İclasda 2008-ci ilin birinci yarısının yekunları və Bakı şəhəri mədəniyyət və turizm ocaqlarının fəaliyyəti müzakirə olunmuşdur.
Kollegiya iclasını mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq görülən işlərdən danışmışdır. Dövlətin mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğıdan söz açan nazir, son iki ildə işçilərin sosial müdafiəsinin gücləndirilməsini, mədəniyyət və turizmin inkişafı məqsədilə 100-dən çox sənədin imzalandığını diqqətə çatdırmışdır.
Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, mədəniyyət sahəsində çalışan işçilərin əmək haqlarının artırıldığını xatırladaraq vurğulamışdır ki, kollektivlərimiz bu qayğı və etimadı dərindən dərk etməli, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər.
Kollegiya iclasında paytaxtın mədəniyyət və turizm təşkilatlarının fəaliyyəti ətraflı müzakirə edilmişdir.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev əldə edilən uğurlardan danışmış, ayrı-ayrı təşkilatların fəaliyyətindəki nöqsanları tənqid etmişdir.
Çıxış edənlər mədəniyyət obyektlərinin gələcək inkişafı ilə bağlı təkliflərini irəli sürmüş, mövcud problemlərin aradan qaldırılmasının zəruriliyini vurğulamışlar.