KOMİSSİYALARIN BİRGƏ İCLASINDA “ELEKTRON TİCARƏT HAQQINDA” QANUN LAYİHƏSİ MÜZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iclasda “Elektron ticarət haqqında” qanun layihəsi müzakirə olunmuşdur. Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şahlar Əsgərov demişdir ki, Milli Məclis informasiya texnologiyaları sahəsində bir sıra mühüm qanunlar qəbul etmişdir. Bu qanunun qəbulu ticarətin, xüsusən də elektron ticarətin təşkilini asanlaşdıracaqdır.
Prezident Administrasiyasının informasiya resursları və texnologiyaları mərkəzinin rəhbəri Elmir Vəlizadə layihə ilə bağlı məlumat vermişdir. O, demişdir ki, bu qanunun məqsədi Azərbaycan Respublikasında müasir informasiya texnologiyaları vasitəsilə ticarətin (elektron ticarət) həyata keçirilməsinin hüquqi əsaslarını, onun aparılma qaydalarını və prosesdəki iştirakçıların hüquq və vəzifələrini müəyyən etməkdən ibarətdir. Qanun elektron ticarətin həyata keçirilməsi zamanı şəxslər arasında bağlanan və onların iştirakı ilə həyata keçirilən müqavilələr və digər hüquqi fəaliyyətləri zamanı yaranan münasibətləri tənzimləyir.
Müzakirələr zamanı deputatlar və dəvət olunmuş şəxslər qanunun vacibliyini vurğulamaqla yanaşı, layihədə bir sıra nöqsanların olduğunu da qeyd etmişlər. İşçi qrupuna tapşırılmışdır ki, mütəxəssislərin rəy və təkliflərini bir daha nəzərdən keçirdikdən sonra layihəni parlamentin müzakirəsinə təqdim etsin.