Konfutsi İnstitutunun müəllimləri Çin küftələrinin hazırlanması üzrə ustad dərsi keçiblər
Bakı, 24 dekabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çinin “Dunçji” (“Qışın zirvəsi”) bayramına həsr olunan tədbir keçirilib. Tədbir iştirakçılarına Çin küftələrinin hazırlanması üzrə ustad dərsi keçirilib.
Konfutsi İnstitutundan AZƏRTAC-a bildirilib ki, dekabrın 22-də ənənəvi “Dunçji” (“Qışın zirvəsi”) bayramı hər il Çin xalqı tərəfindən qeyd olunur. Bayramla əlaqədar Konfutsi İnstitutunda tədbir iştirakçılarına Çin küftələrinin hazırlanma qaydaları izah edilib. Tədbirdə Konfutsi İnstitutunun Çin tərəfdən direktoru Luo Syaodji və Azərbaycan tərəfdən direktoru Oqtay Cəlilbəyli iştirak ediblər.
Konfutsi İnstitutunun müəllimləri “Dunçji” bayramının xüsusi fəlsəfəsi barədə danışıblar. Sonra “Dunçji” bayramında süfrələrdə yer alan xüsusi Çin küftələrinin hazırlanma qaydalarını əks etdirən videoçarx nümayiş olunub.
Tələbələr Konfutsi İnstitutunun müəllimləri ilə birgə Çin küftələri hazırlayıblar. Tədbir iştirakçıları Çin adət-ənənələri barədə geniş məlumat əldə edib, Çin mətbəxinin ənənəvi nümunəsi ilə tanış olub, bu ölkənin dili ilə bərabər, mədəniyyətini də daha dərin anlamaq üçün fürsət qazanıblar.