Konsertmeyster Nailə Əhmədova - Azərbaycan mədəniyyətinin qardaş ölkədəki fəal təbliğatçısı - MÜSAHİBƏ
Ankara, 15 iyul, AZƏRTAC
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev mədəniyyətə həmişə böyük önəm verib. O musiqinin, mahnının və milli adət-ənənələrin insanları birləşdirmək, sərhədləri silmək və milli ruhu gücləndirmək gücünə malik olduğunu hesab edirdi. Azərbaycanın müasir mədəniyyətinin uğurlarının təməli, şübhəsiz ki, ölkəmizin dövlətçiliyinin memarının siyasəti üzərində qurulub. Ulu Öndər incəsənətin universal dildə danışdığına, milli mənəvi dəyərlərin, musiqinin və poeziyanın isə insanlar arasında ən güclü körpü olduğuna səmimi qəlbdən inanırdı.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Ankara Dövlət Opera və Balet Teatrının balet konsertmeysteri Nailə Əhmədova bildirib. Uzun illərdir qardaş ölkədə musiqi sənətinin inkişafına töhfə verən musiqiçi Türkiyədə Azərbaycan mədəniyyətini də fəal şəkildə təbliğ edir.
Pianoçu vurğulayıb ki, görkəmli dövlət xadimi kimi Heydər Əliyev Azərbaycan bəstəkarlarına, musiqiçilərinə və ifaçılarına hərtərəfli dəstək olub: “Məhz onun qayğısı sayəsində Azərbaycanda milli musiqi janrları, opera və balet inkişaf edib. Ümummilli Lider üçün musiqi vətənpərvərlik və mədəni tərbiyənin vacib bir aləti olub”.
N.Əhmədova Heydər Əliyevin diqqət və qayğısı ilə Qara Qarayev, Fikrət Əmirov və Niyazi kimi korifeylərin ən yüksək dövlət mükafatlarına və adlarına layiq görüldüyünü xatırladıb.
Qardaş Türkiyədə işlədiyi illərdə onlarla konsert proqramı təşkil edən həmvətənimiz bu tədbirlərdə dahi Azərbaycan bəstəkarlarının irsinin təbliğini həyata keçirib.
Nailə Əhmədovanın fəaliyyəti, o cümlədən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən yüksək qiymətləndirilib.
Ankara Dövlət Opera və Balet Teatrındakı əsas işi ilə yanaşı, həmyerlimiz müxtəlif yaş qruplarında fortepiano dərsləri verir. “Mən həmişə tələbələrimin repertuarına Azərbaycan bəstəkarlarının əsərlərini daxil edirəm. Gözəl melodiyalarla zəngin olan ahəngdar Azərbaycan musiqisi türk tamaşaçıları tərəfindən çox sevilir və istənilir”, - deyə pianoçu bildirib.
Musiqiçi müəllimlik illərində tələbələrinə Bakıdan gətirilmiş notların surətlərini verməli olduğunu xatırladıb: “Belə bir nəticəyə gəldim ki, gələcək musiqiçilərə istiqamət vermək və Azərbaycan bəstəkarlıq məktəbinin zəngin irsini təbliğ etmək üçün Azərbaycan bəstəkarlarının fortepiano əsərlərinin toplularını Türkiyənin özündə nəşr etdirmək lazımdır. Bu məqsədlə müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operanın banisi Üzeyir Hacıbəylinin türk dilində əhatəli tərcümeyi-halını da hazırladım”.
N.Əhmədova qeyd edib ki, dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəylinin əsərləri Türkiyədə nəşr etdirdiyi iki topluda xüsusi yer tutur.
Dahi Heydər Əliyevin sözləri ilə başlayan toplunun sonuncu layihəsi Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə həyata keçirilib və görkəmli alim, musiqişünas, publisist, dramaturq, müəllim və ictimai xadimin 140 illik yubileyi ilində nəşr olunub.
“Musiqi həqiqətən də ürəkləri birləşdirmək gücünə malikdir və Heydər Əliyevin onun gücü haqqında sözləri bu gün də bir çox insan üçün aktual və ilhamverici olaraq qalır. Bu kiçik töhfəm faydalı olarsa, çox xoşbəxt olaram. Əminəm ki, dinləyicilər Azərbaycan melodiyalarını alqışlayacaqlar”, - deyə N.Əhmədova vurğulayıb.
Pianoçu 2025-ci ilin noyabr ayında Antalyada keçirilən Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu ilə bağlı təəssüratlarını da bölüşüb: “Forum gündəliyinin aktual mövzularından biri xalqımızın musiqi irsinin təbliği və müvafiq not nəşrlərinin hazırlanması oldu. Sevindirici haldır ki, Ankaradakı Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə qardaş ölkədə bu istiqamətdə artıq əhəmiyyətli addımlar atılıb, Azərbaycan bəstəkarlıq sənətinin görkəmli simalarının məşhur əsərlərindən ibarət toplu nəşr olunub”.
Bu gün həmvətənimiz Ankarada yeganə balet piano ifaçısıdır. “Mən təcrübəmi qardaş Türkiyə ilə bölüşürəm, bir vaxtlar Ulu Öndər Heydər Əliyevin, indi isə onun irsinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərlik etdiyi ölkədə toplanmış bilik yükünü ötürürəm”, - deyə o, Ulu Öndərin irsinə olan hörməti və ehtiramı yüksək qiymətləndirərək vurğulayıb.
Sonda Nailə Əhmədova daha bir arzusunu dilə gətirib: “Azərbaycan bəstəkarlarının - Əfrasiyab Bədəlbəylinin “Qız qalası”, Qara Qarayevin “Yeddi gözəl”, Fikrət Əmirovun “Min bir gecə”, Arif Məlikovun “Sevgi əfsanəsi” kimi məşhur balet əsərləri və bir çox digər şah əsərlər daha tez-tez səhnələşdirilsin və qardaş Türkiyənin İstanbul, Ankara və digər şəhərlərindəki teatrların repertuarlarına daxil edilsin. Əminəm ki, mədəni əməkdaşlıq iki dövlətin daha da yaxınlaşmasına töhfə verəcək və türk tamaşaçıları arasında böyük uğur qazanacaq”.