KONSTİTUSİYA MƏHKƏMƏSİNİN PLENUMU MÜLKİ MƏCƏLLƏNİN 228.5-Cİ MADDƏSİNƏ DAİR QƏRAR QƏBUL ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, F.Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun açıq məhkəmə iclası olmuşdur.
Konstitusiya Məhkəməsinin hakimləri S.Salmanova, F.Babayev, S.Həsənova, B.Qəribov, R.Qvaladze (məruzəçi hakim), E.Məmmədov, İ.Nəcəfov və Ə.Sultanovdan ibarət tərkibdə, maraqlı subyektlərin nümayəndələri Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Y.Cavadov, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının şöbə müdiri A.Səfixanlı və əməkdaşı M.Məmmədov, Milli Məclis Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi İ.Cəfərov və ekspert Bakı Dövlət Universiteti mülki hüquq kafedrasının müdiri, hüquq elmləri namizədi, dosent R.Dünyamalıyevanın iştirakı ilə keçirilən iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI və VII hissələrinə müvafiq olaraq Mülki Məcəllənin 228.5-ci maddəsinə dair konstitusiya işinə baxılmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti və İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) sorğusu üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin qanuni nümayəndələrinin və ekspertin çıxışlarını dinləyib qərar qəbul etmişdir.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Mülki Məcəllənin 228.5-ci maddəsinin «həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır» müddəası Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə uyğun hesab edilsin. Yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər Mülki Məcəllənin 228.2-ci maddəsinə uyğun olaraq həll edilməlidir. Mülki Məcəllənin 228.5-ci maddəsinin «yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır» müddəası Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinə uyğun hesab edilsin. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin və digər şəxslərin hüquqi vəziyyətini tənzimləyən mənzil qanunvericiliyinin qəbul edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
Qərar elan edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə əsasən bu Qərarın qüvvəsi onun qüvvəyə mindiyi gündən sonra baxılan mübahisələrə şamil olunur. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
Bildirilmişdir ki, Konstitusiya Məhkəməsinin hakimləri E.Məmmədov və İ.Nəcəfov bu qərarla bağlı xüsusi rəydə qalmışlar.