RƏSMİ XRONİKA
KOREYA RESPUBLİKASININ PREZİDENTİ RO MU HYUNUN BƏYANATI
-Koreya Respublikasına səfər edən ilk Azərbaycan Prezidenti, zati-aliləri cənab İlham Əliyevə “Xoş gəlmisiniz!” deyirəm. Cari il bizim əlaqələrimiz üçün çox mühüm il olmuşdur. Çünki bu il biz ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 15-ci ildönümünü qeyd edirik. On bir ay bundan əvvəl Bakıda Prezident Əliyevlə keçirdiyimiz zirvə görüşündən sonra dostluq münasibətlərinin inkişaf etdirilməsinin davamı olaraq, Azərbaycan Respublikasının Prezidentini Seulda görməkdən olduqca məmnunam.
Zirvə görüşümüzün sonunda biz Koreya-Azərbaycan Birgə bəyannaməsi imzaladıq və əməkdaşlığımızın daha da möhkəmləndirilməsində və yeni sahələrin müəyyənləşdirilməsində maraqlı olduğumuzu bildirdik. Bundan əlavə, biz razılığa gəldik ki, iki ölkə arasında sərmayələrin təşviqi və qorunması haqqında imzalanmış saziş qarşılıqlı sərmayə qoyuluşu imkanlarını daha da genişləndirəcəkdir.
Ölkələrimiz əməkdaşlıq üçün təsisat əsaslarını gücləndirəcək və bu nəticə bir çox sahələrdə, o cümlədən enerji resursları, elektron hökumətin formalaşdırılması, informasiya texnologiyaları, təhsil, nəqliyyat və infrastruktur kimi sahələrdə imzalanmış anlaşma memorandumları əsasında əldə olunacaqdır. Xüsusən də, biz Xəzərdə neft yataqlarının işlənilməsi və sosial infrastrukturun formalaşması işində əməkdaşlıq edərək, qarşılıqlı surətdə faydalı olan münasibətlərimizin daha da inkişaf etdirilməsini vurğuladıq.
Mən böyük məmnunluq hissi ilə qeyd edirəm ki, son illər ərzində Azərbaycan illik həcmi 30 faizdən çox olan iqtisadi artıma nail olmuşdur. Əlbəttə, Azərbaycan çox zəngin təbii sərvətlərə malikdir. Lakin bu cür inkişafın əsası həmin təbii sərvətlər deyil, ölkənin gələcəyini dərindən düşünən dövlət başçısının müdrik və həlledici siyasətidir.
Biz ümid edirik ki, sürətlə dəyişən Azərbaycanda aparılan işlərdə Koreya şirkətləri də yaxından iştirak edəcəklər. Həmin şirkətlərin fəaliyyətini dəstəkləmək məqsədi ilə biz daha fəal iqtisadi əməkdaşlıq naminə işgüzar dairələrlə işləyəcəyik. Onların Azərbaycanın inkişafında daha geniş şəkildə iştirakına çalışacaq birgə işçi qrupu yaradılır.
Koreyanın iqtisadi inkişaf sahəsində keçmişdə müxtəlif sahələrdə əldə etdiyi təcrübənin Azərbaycanda yüksək dəyərləndirildiyini bilməkdən çox şadam. Azərbaycan hökuməti Koreya şirkətlərinə çox diqqətlə yanaşır və bu günə qədər onlar üçün lazımi şəraitin yaradılmasına çalışıbdır.
Bu gün mən və Prezident Əliyev ölkələrimiz arasında əməkdaşlıq üçün daha geniş potensialın olduğunu bir daha vurğuladıq və münasibətlərimizin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi barədə razılığa gəldik.
Çox sağ olun.