KOREYA RESPUBLİKASININ PREZİDENTİ RO MU HYUNUN NİTQİ
Birinci xanım Mehriban Əliyeva!
Hörmətli qonaqlar!
Zati-alilərinizin və xanım Əliyevanın nümayəndə heyətinə və mənə göstərdiyi yüksək qonaqpərvərliyə görə dərin minnətdarlığımı bildirirəm. Azərbaycana ilk Koreya Respublikası Prezidenti kimi səfər etməkdən olduqca məmnunam.
Ölkənizə dünən gəlməyimə baxmayaraq, dünyanın Azərbaycana nə üçün bu qədər diqqət yetirdiyini dərhal anladım. Mən getdiyim hər yerdə və tanış olduğum hər kəsdə ölkənizin inkişafını duydum. Bu gün günorta Səngəçal neft terminalına səfər etdim. O, sanki Azərbaycanın dünyaya açılan qüdrətinin rəmzinə bənzəyir.
Ötən il ərzində Azərbaycanın 26 faizlik heyrətedici iqtisadi artımı olmuşdur. Ölkə təkcə enerji sektorunda yox, tekstil, tikinti, elektronika və turizm sahələrində də güclü tərəqqiyə nail olmuşdur. Prezident İlham Əliyevin 2008-ci ildə Azərbaycanda ÜDM-in həcmini iki dəfə artırmaq planı qətiyyətlə həqiqətə çevrilməkdədir.
Əminəm ki, Azərbaycan Yeni İpək yolu erasında inkişaf edərək, aparıcı ölkə missiyasını daha da gücləndirəcəkdir. Mən Zati-alilərinizin rəhbərliyinə və Azərbaycan xalqının potensialına böyük rəğbətlə yanaşıram.
Zati-aliləri,
Bu gün keçirdiyimiz yüksək səviyyədə görüş olduqca uğurlu olmuşdur. Şübhə yoxdur ki, bu il ikitərəfli münasibətlərimizin inkişafında yeni dövrün başlanması ilə yadda qalacaqdır.
Bu gün biz Koreya Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin və əməkdaşlığın prinsipləri haqqında Birgə Bəyannaməni, Koreya Respublikası hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş və Koreya Respublikası hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında hava xidmətləri haqqında saziş imzaladıq. Bu sənədlər gələcək inkişafın təməl daşına çevriləcəkdir. Eyni zamanda, Koreya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından 14 il sonra ilk dəfə olaraq, bu il hər iki ölkənin daimi səfirlikləri açılacaqdır. Energetika, informasiya texnologiyaları, tikinti və daşımalar sahələrində əməkdaşlıq haqqında bu dəfə imzalanmış sənədlər iki ölkə arasındakı hərtərəfli işbirliyini keyfiyyətcə yeni səviyyəyə qaldıracaqdır.
Son dövrlərdə ölkələrimizin bir-birinə marağı daha da artmışdır. Taekvondo və Koreyanın ənənəvi ot təbabəti Azərbaycanda get-gedə daha da populyar olmuşdur. Ötən il Koreyanın televiziya proqramlarında paytaxtınız Bakı şəhəri haqqında veriliş yayımlanmışdır. Cari il ərzində Seulda Azərbaycan mədəniyyəti həftəsi keçiriləcəkdir.
Koreya Respublikası və Azərbaycan gələcəkdə bu cür mübadilə və əməkdaşlığı genişləndirməkdə davam edərək, bir-birinə arxalana biləcək daha etibarlı dostlara çevriləcəklər.
Hörmətli qonaqlar,
Prezidentin və xanım Əliyevanın şərəfinə, Azərbaycanın tərəqqisi və iki ölkə arasında dostluq naminə qaldırdığım badəyə qoşulmağınızı xahiş edirəm.
Çox sağ olun.