Korrupsiyaya qarşı mübarizənin mütəşəkkil və ardıcıl aparılması diqqət mərkəzindədir
Balakən, 3 mart, Mustafa Dadaşov, AZƏRTAC
Tarix boyu cəmiyyətlərin üzləşdiyi problemlərdən biri olan korrupsiya bu gün də bütün dünya ölkələrində aktual problemlərdən biri olaraq qalır. Korrupsiya ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərir, sosial ədalətə ciddi təhlükə yaradır, iqtisadi və sosial inkişafı ləngidir, əlverişli biznes mühitinin yaranmasına mane olur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı martın 3-də Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən maarifləndirici tədbirdə səsləndirilib. Tədbirdə rayonda fəaliyyət göstərən bələdiyyələr və digər dövlət qurumlarının işçiləri iştirak ediblər.
Tədbiri rayon icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri müavini Fariz Nəcəfov açaraq, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində aparılan sistemli islahatların müsbət nəticələrindən söz açıb.
Rayon icra hakimiyyətinin Hüquq şöbəsinin müdiri Pirdas Qardaşova Prezident İlham Əliyevin 2022-ci il aprelin 4-də imzaladığı Sərəncamla “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın qəbul edildiyini diqqətə çatdırıb. Bildirib ki, Milli Fəaliyyət Planı ölkəmizin hazırkı inkişaf mərhələsində korrupsiyaya qarşı mübarizə sahəsində görülməli olan sistem xarakterli tədbirlərin effektivliyini və davamlılığını təmin edəcək fundamental sənəddir. Korrupsiyaya qarşı mübarizənin mütəşəkkil və ardıcıl aparılmasının dövlətimizin başçısı İlham Əliyevin daim diqqət mərkəzində olduğunu vurğulayan P.Qardaşova bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planlarının qəbul edildiyini, ölkəmizdə insanların sosial rifahını və vətəndaş məmnunluğunun daha da artırılması üçün aparılan yeni islahatlar nəticəsində şəffaf və ədalətli idarəçilik sisteminin daha da gücləndirildiyini diqqətə çatdırıb.
Rayon prokurorunun köməkçisi Kənan Əlişzadə çıxış edərək, korrupsiya hüquqpozmaları haqqında məlumat verib. Qeyd edib ki, korrupsiyaya qarşı mübarizə sahəsində zəruri qanunların qəbul edilməsi, dövlət proqramlarının təsdiq olunması, bilavasitə korrupsiyaya qarşı mübarizə funksiyalarını daşıyan Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin həyata keçirdiyi tədbirlər korrupsiya hallarına və onun inkişafına şərait yaradan halların qarşısının alınmasında öz səmərəsini verib.
Balakən regional “ASAN xidmət” mərkəzinin hüquqşünası Aygün Şirinova görülmüş tədbirlər nəticəsində dövlət idarəçiliyində elektron xidmətlərin inkişaf etdirilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın artırılması, ixtisaslaşmış qurumların fəaliyyətinin daha da optimallaşdırılması barədə geniş məlumat verib. Qeyd edib ki, həyata keçirilən məqsədyönlü və qətiyyətli fəaliyyətin tərkib hissəsi kimi, şəffaflığın artırılmasına, dövlət orqanları (qurumları) tərəfindən göstərilən xidmətlərin keyfiyyət etibarilə yaxşılaşdırılmasına, ictimai nəzarətin təşkilində və korrupsiyanın ifşa edilməsində vətəndaş məmnunluğunun həyata keçirilməsinə diqqət artırılmalıdır.
Tədbir diskussiya formasında davam edib. Sonda korrupsiyaya qarşı mübarizə ilə bağlı videoçarx nümayiş olunub.