KÜR ÇAYINDA SUYUN SƏRFİ AVQUST AYININ I ONGÜNLÜYÜNƏ NİSBƏTƏN AZALMIŞDIR
Bakı, 24 avqust (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədi ilə avqust ayının II ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişdir.
Avqust ayının II ongünlüyündə Kür çayında suyun sərfi avqust ayının I ongünlüyünə nisbətən 25,3 kubmetr/saniyə azalaraq 72 kubmetr/saniyə təşkil etmişdir.
Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 3, mis birləşmələri 2, Ağstafaçayda mis birləşmələri və fenollar 3, Ağstafaçay su anbarında isə fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-ni keçmişdir.
Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 10,2 kubmetr/saniyə olmuşdur. Horadiz məntəqəsində fenollar 3, mis birləşmələri 4, I Şahsevən məntəqəsində mis birləşmələri və fenollar 3, Bəhramtəpədə isə mis birləşmələri 3, fenollar 2 dəfə normadan artıq olmuşdur.
Suyun oksigen rejimi bütün məntəqələrdə sanitar norma daxilində dəyişmişdir.