Kürdəmirlilər faşizm üzərində Qələbənin ildönümünü bayram etmişlər
Kürdəmir, 9 may (AZƏRTAC). Kürdəmir şəhərindəki “Qələbə” parkında Böyük Vətən müharibəsində Qələbənin 66-cı ildönümünə həsr edilmiş kütləvi tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon rəhbərlərinin, müharibə veteranlarının, ziyalıların, əmək kollektivlərinin, hüquq-mühafizə oranları işçilərinin qatıldıqları tədbirin iştirakçıları əvvəlcə parkdakı “1941-1945-ci illərdə həlak olmuş kürdəmirlilərə əbədi xatirə” kompleksinin qarşısına əkil qoymuş, Sovet İttifaqı Qəhrəmanı Məmiş Abdullayevin büstü önünə çiçəklər düzmüşlər.
Sonra məktəblilərin ifasında Qələbəyə həsr olunmuş şeirlər səslənmiş, əbədi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Vasif Məmmədov tədbirdə çıxış edərək veteranları təbrik etmiş, tarixin o qanlı dövrünün acı nəticələrindən danışmışdır. Bildirmişdir ki, müharibə illərində Kürdəmir rayonundan cəbhəyə 6584 döyüşçü göndərilmiş, onlardan yarıdan çoxu - 3602-si geri qayıtmamışdır. Cəbhədən çağ-salamat qayıtmış 2982 kürdəmirlidən hazırda 42 nəfəri sıralarımızdadır.
Qeyd edilmişdir ki, istər İkinci Dünya müharibəsində, istər müstəqilliyimiz uğrunda, istərsə də Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə canlarından keçmiş və ya əlil olmuş, igidliklər göstərmiş soydaşlarımız bizim üçün həmişə ən hörmətli, əziz insanlardır. Mərasimdə ümummilli liderimiz Heydər Əliyevin, ulu öndərin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğısından ətraflı söhbət açılmışdır.
Tədbirin sonunda Böyük Vətən müharibəsi veteranlarına rayon icra hakimiyyəti adından maddi yardım verilmişdir.