Küveyt mətbuatı ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında yazır
Bakı, 14 dekabr, AZƏRTAC
Küveytdə ərəb dilində yüksək tirajla nəşr edilən gündəlik “Əl-Ənbə”, “Əl-Sabah” və “Əl-Nahar” qəzetlərinin 13 dekabr tarixli nömrəsində Azərbaycanın bu ölkədəki səfiri Tural Rzayevin müsahibəsi və məqalələri dərc olunub.
Azərbaycanın Küveytdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, müsahibə və məqalələrdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar səfirlik tərəfindən keçirilmiş anım mərasimindən, eləcə də Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edilib. “Əl-Nahar” qəzetində “Heydər Əliyev - Azərbaycan xalqının ümummilli lideri” adı ilə dərc edilmiş müsahibədə görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçinin ölkədə həyata keçirdiyi islahatlar sayəsində Azərbaycanı çətin iqtisadi-siyasi böhrandan məharətlə çıxararaq regionun, hətta dünyanın ən dinamik inkişaf edən ölkələri sırasına daxil etməsi, xalqın maddi rifah səviyyəsinin artması sahəsində gördüyü misilsiz işlərdən söz açılıb.
Müsahibədə müasir Azərbaycanın Heydər Əliyevin şah əsəri olduğu vurğulanıb, hazırda Prezident İlham Əliyevin bu siyasi kursu layiqincə davam etdirdiyi qeyd olunub.
“Əl-Ənbə” qəzetində “Azərbaycan səfirliyi Heydər Əliyevin xatirəsini yad edir” adlı məqalədə Ulu Öndərin zəngin həyat yolu, çoxşaxəli fəaliyyəti, Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən bəhs edilib, onun zəngin dövlətçilik təcrübəsi və müdrikliyi sayəsində ölkəmizin sabit inkişaf yoluna qədəm qoyması diqqətə çatdırılıb.
“Əl-Sabah” qəzetində dərc olunmuş məqalədə ölkəmizin sosial-iqtisadi inkişafında Heydər Əliyevin mühüm rolu vurğulanmaqla yanaşı, keçmiş Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunda yeganə müsəlman lider olan Ulu Öndərin ərəb və İslam dünyasının dostu kimi problemlərin ədalətli həllinin əzmli tərəfdarı olması barədə də oxuculara məlumat verilib.