RƏSMİ XRONİKA
KYONBOKKUN SARAY KOMPLEKSİ İLƏ TANIŞLIQ XOŞ TƏƏSSÜRAT DOĞURDU
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 24-də Seulda Koreya memarlığının ən gözəl abidələrindən sayılan nəhəng Kyonbokkun sarayı kompleksində olmuşlar.
Dövlətimizin başçısını və xanımını sarayın müdiriyyəti böyük hörmətlə qarşıladı.
Prezident İlham Əliyev əvvəlcə sarayın fərxi qonaqlar kitabına ürək sözlərini yazdı:
“Mən bu gözəl saraya gəlməkdən və Koreya Respublikasının tarixi və mədəniyyətini daha yaxşı öyrənməkdən çox məmnunam. Mən bütün Koreya xalqına sülh və firavanlıq arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
24 aprel 2007-ci il.”
Sonra dövlətimizin başçısı və xanımı sarayla yaxından tanış oldular. Məlumat verildi ki, bu saray 1394-cü ildə Li sülaləsinin (1392-1910-cu illər) banisi kral Txeçjonun vaxtında tikilmişdir. 330 müxtəlif ümumi binadan ibarət saray kompleksi 1593-cü ildə yaponlar tərəfindən dağıdılmışdır. 1868-ci ildə yenidən bərpa edilsə də, əvvəlki görkəmini qaytarmaq mümkün olmamışdır. 1950-53-cü illər müharibəsi zamanı yenidən dağıdılmışdır. 1990-cı ildə burada təmir-bərpa işlərinə başlanılmışdır. Əsas məqsəd saray kompleksinin əvvəlki görkəmini qaytarmaqdır. Sarayın əsas qapılarının təmiri isə 2009-cu ildə başa çatdırılacaqdır.
Saray kompleksi inzibati binalardan, çoxsaylı yaşayış evlərindən, parklardan ibarətdir. Burada süni göl də yaradılmışdır.
Prezident İlham Əliyev kralın xatirəsini əks etdirən lövhəyə, xarici qonaqların qəbul olunduğu yerə, iş və yataq otaqlarına, kralın həyat yoldaşı üçün tikilmiş iqamətgaha, 4 hektardan çox ərazini əhatə edən parklara və süni gölə baxdı, sarayın baş planı ilə tanış oldu.
Sarayla tanışlıqdan xoş təəssüratla ayrılan Prezident İlham Əliyevə kompleks barədə məlumat kitabları təqdim olundu.