KYUNQ HE UNİVERSİTETİNİN PREZİDENTİ İNVON ÇOUNUN ÇIXIŞI
-Zati-aliləri Prezident Əliyev!
Hörmətli qonaqlar!
Hörmətli Kyunq He Universiteti Elmi şurasının üzvləri!
Mən sizin hamınızı bu cür yaddaqalan mərasimdə salamlamaq istəyirəm. Biz bu gün Prezident Əliyevin öz ölkəsinə, regiona və bütün dünyaya sədaqətini qeyd etməyə toplaşmışıq. O, təhsil ocağımızın siyasi elmlər üzrə fəxri doktoru adına layiq görülmüşdür. Fəaliyyəti dövründə Prezident Əliyev bir çox sahələrdə əsil rəhbərlik məharətini nümayiş etdirmişdir. Onun ilk nailiyyəti və uğurları məhz elmi sahədə olmuşdur. Daha sonra, o, uğurlu siyasi fəaliyyət apararaq özünün rəhbərlik istedadını göstərdi. Bu, onun Dövlət Neft Şirkətinin vitse-prezidenti olduğu dövrdən hiss edilirdi.
Azərbaycanın Prezidenti kimi dörd il bundan əvvəl fəaliyyətə başladıqdan sonra o, milli iqtisadiyyatın inkişafı naminə düşünülmüş enerji siyasətini həyata keçirmişdir. Onun rəhbərliyi altında ölkə köklü surətdə dəyişmişdir. Ölkənin ümumi daxili məhsulunun istehsalı artmışdır. Xüsusən də marağı cəlb edən odur ki, Prezident Əliyev ümumi siyasətində gənclərin lazımi təhsil almasına xüsusi yer ayırır. O, işi ilə göstərdi ki, insan öz əməyi sayəsində istədiyi nəticələri qazana bilər.
Biz Prezident Əliyevin həyata keçirdiyi missiya ilə Cənubi Koreyanın yeni nailiyyətləri əldə etməsi arasında oxşarlıq olduğunu da görürük. Ölkə rəhbəri kimi fəaliyyətə başladığı ilk vaxtlardan, o, keyfiyyətli təhsilin təmin edilməsi yolu ilə ölkənin inkişafına nail olmağa çalışmışdır. Hazırda onun ölkəsi uzunmüddətli layihələrin həyata keçirilməsi ilə məşğuldur. Təhsil və elmi tədqiqatlar cari qlobal proseslərdə əsas yer tutur. Hesab edirəm ki, bu amil Kyunq He Universitetinin də başlıca vəzifəsidir. Bu, eyni zamanda, təsisat kimi, bizim öhdəliyimizi də nəzərdə tutur. Həmin öhdəliyi tam dərk edərək, Kyunq He Universiteti prezidenti kimi, mən Azərbaycan Prezidenti İlham Əliyevə siyasi elmlər üzrə fəxri doktor adının verilməsindən şərəf hissi duyuram.
Biz ümid edirik və bilirik ki, doktor Əliyev universitetimizin vahid ailəsinin yeni üzvü olacaqdır. Biz isə gələcək işlərində onu dəstəkləyəcəyik.
Çox sağ olun.
X X X
Prezident İlham Əliyev mərasimdə nitq söylədi.