Laçında dövlətçilik ənənələrini yaşadan tədbir: Müstəqillik ruhu gələcək nəsillərə ötürülür
Laçın, 26 may, AZƏRTAC
Şəhid Ədalət Məmmədov adına Zabux kənd tam orta ümumtəhsil məktəbində 28 May – Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunan tədbir keçirilib.
Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi, icra nümayəndələri, hüquq-mühafizə orqanlarının, təmsilçiləri, təhsil işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Xüsusi nümayəndəliyin rəsmisi Hüseyn Quliyev çıxışında bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli dövlətçilik tariximizin mühüm mərhələlərindən biridir. Qeyd olunub ki, müstəqillik ənənələrinin yaşadılması, dövlətçilik dəyərlərinin təbliği və gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər mühüm əhəmiyyət kəsb edir.
Tədbirdə çıxış edən məktəbin direktoru, tarix müəllimi Mübariz Rüstəmov, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının Azərbaycan dövlətçilik tarixindəki müstəsna rolundan danışıb. O, dövlətçilik ənənələrinin qorunmasının və müstəqil Azərbaycanın əldə etdiyi nailiyyətlərin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Tədbirin bədii hissəsində şagirdlərin təqdim etdikləri vətənpərvərlik mövzusunda şeirlər, mahnılar və kompozisiyalar izlənilib.
Müxbir-Aydın Yavərzadə