Laçında qurbanlıq heyvanların kəsilməsi baytarlıq nəzarəti altında təşkil olunub VİDEO
Laçın, 27 may, AZƏRTAC
Qurban bayramı münasibətilə mayın 27-də Laçın şəhərindəki Zerti Aqro-Sənaye Parkında fəaliyyət göstərən kəsim məntəqəsində qurbanlıq heyvanların kəsimi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə razılaşdırılmış qaydada, baytarlıq nəzarəti altında həyata keçirilib.
Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, mərasimdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin rəsmisi, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Laçın Abadlıq Xidmətinin və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Şərqi Zəngəzur regional bölməsinin nümayəndələri, eləcə də şəhər sakinləri iştirak ediblər.
Zerti Aqro-Sənaye Parkında yerləşən modul tipli mobil kəsim məntəqəsi Türkiyənin “Cantek” şirkətinin avadanlıqları əsasında qurulub və beynəlxalq qida təhlükəsizliyi, eləcə də gigiyena standartlarına tam cavab verir.
Müasir avadanlıqlarla təchiz olunan kəsimxana saatda 15–25, gün ərzində isə 120–180 baş heyvanın emalı gücünə malikdir.
Kəsim prosesi heyvanların qəbulundan başlayaraq nəzarətli şəkildə təşkil edilir. Qurğuda tullantıların idar olunması, drenaj və filtrasiya sistemi, həmçinin 4 dərəcə temperatur rejimində fəaliyyət göstərən soyuducu bölmələr mövcuddur. Bütün səthlərin paslanmayan poladdan hazırlanması isə gigiyenik və təhlükəsiz emal imkanını təmin edir.
Məntəqə bayramdan sonra da fəaliyyətini davam etdirəcək.
Bakı Abadlıq Xidməti tərəfindən Zerti Aqro-Sənaye Parkında yaradılan bu infrastruktur təhlükəsiz və nəzarətli heyvan kəsimi prosesinin təşkili, eləcə də əhalinin keyfiyyətli xidmətlə təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Müxbir - Aydın Yavərzadə