LATVİYA PREZİDENTİ XANIM VAYRA VİKE-FREYBERQANIN NİTQİ
- Hörmətli cənab Prezident!
Hörmətli xanım Əliyeva!
Xanımlar və cənablar!
Latviya müstəqilliyini əldə etdiyi vaxtdan və ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılmasından sonra ilk dəfə olaraq, böyük sevinclə Sizin ölkənizə səfər etməkdən məmnunam. Əminəm ki, sıx ölkələrarası əlaqələrimiz qarşılıqlı etimad əsasında qurulubdur. Xalqlarımız arasında sıx səmimi əlaqə yaranıb, parlament üzvlərinin, hökumət nümayəndələrinin və diplomatların gördüyü işlər bizim əlaqələrimizin özülünü qoyubdur. Bizim imzaladığımız Birgə bəyannamə və nümayəndələrimizin imzaladıqları sazişlər gələcək intensiv əməkdaşlığın əsasını təşkil edəcəkdir.
Bizim xalqlarımızı birləşdirən səmimi əlaqələr barədə dedim. Həmin əlaqələr ölkələr arasında da mövcuddur. XIX əsrin sonu - XX əsrin əvvəlində xalqlarımızın inkişafında bir çox eyniliklər var idi. O illər hər iki xalq üçün özünüdərketmə dövrü idi və insanlar öz dilləri və mədəniyyətlərini qorumağa və inkişaf etdirməyə çalışırdılar. Müstəqilliyə can atmaq və ədalət istəyi bizim xalqların ümumi xüsusiyyətləridir.
Ədalət uğrunda canını qurban vermiş insanlar bizim xatirimizdədir. 1990-cı ildə baş vermiş Qara yanvar faciəsinin dəhşətini və Azərbaycan xalqının həyəcanını Latviyada heç bir insan unutmamışdır. Bu hadisələr insanların yaddaşına həkk olunmuşdur.
Latviya və Azərbaycan arasında siyasi əlaqələr siyasi müstəqillikdən sonra bərpa olunmuşdur. Keçən il Latviya özünün iki məqsədinə nail olmuşdur. Bunlar Avropa İttifaqına və NATO-ya üzv olmaqdır. Həmin təşkilatlarda mövqelərimizin möhkəmləndirilməsi məqsədi ilə fəaliyyətimizi davam etdirməliyik. Avropa İttifaqının genişlənməsi və gələcək inkişafı naminə ümumi müzakirələrdə iştirak edirik. Azərbaycanın həmin təşkilatlarla əməkdaşlığı davam etdirmək yolunu seçməsini böyük məmnuniyyətlə vurğulayıram. Azərbaycanın Avropa İttifaqına və ya NATO-ya daxil olmaq arzusu olduğu təqdirdə, biz öz tərəfimizdən sizi dəstəkləyəcəyimizə zəmanət veririk.
Bir neçə gün öncə Azərbaycanın Latviya Respublikasındakı səfiri cənab Tofiq Zülfüqarovun etimadnaməsini böyük məmnuniyyətlə qəbul etdim. Azərbaycan xalqı layiqli nümayəndələrindən birini bizə göndərmişdir. Ümid edirəm ki, buna cavab olaraq, ilin axırına kimi Bakıda Latviya Respublikasının səfirliyi fəaliyyətə başlayacaqdır. Şübhəsiz, səfirliklərin açılması ölkələrimiz arasındakı əlaqələrin həm hökumət səviyyəsində, həm də qeyri-hökumət səviyyəsində inkişafına yeni imkanlar yaradacaqdır. Sizin gözəl, qədim və sürətlə inkişaf edən şəhərinizi görməkdən çox şadam. Bu inkişaf hər addımda hiss olunur.
Sizin ölkəniz cəsarətlə regionun liderlərindən biri olur. Latviya nümayəndə heyətinin hər bir üzvü iki ölkə arasında əlaqələrin böyük potensiala malik olduğuna əmin olmuşdur.
Cənab Prezident, qonaqpərvərliyə və dostcasına qəbulunuza görə Sizə minnətdaram. Ümidvaram ki, Siz münasib bir vaxt tapıb, Latviya öz müstəqilliyini əldə etdikdən sonra baş vermiş dəyişiklikləri görmək üçün bizim ölkəmizə səfər edəcəksiniz.
Bu badəni dostluq, əməkdaşlıq və gələcək tərəqqi şərəfinə qaldırıram!
Ölkələrimiz arasında uğurlu əməkdaşlıq şərəfinə!
X X X
Sonra incəsənət ustalarının iştirakı ilə konsert oldu. AZƏRTAC X X X