LATVİYADA ƏMİNDİRLƏR Kİ, KEÇMİŞ DÖVLƏT TƏHLÜKƏSİZLİYİ KOMİTƏSİNİN AGENTLƏRİ ARASINDA ÇOXLU KEŞİŞ VAR İDİ
Mətbuatın yazdığına görə, Roma-katolik kilsəsinin Latviyadakı arxiyepiskopu Yanis Puyats hələ 6 il əvvəl bildirmişdi ki, siyahılar açıqlandıqdan sonra DTK-nın işi ilə bağlı ilk bəyanat verməyə hazırdır. Lakin indi arxiyepiskop daha təmkinlə davranaraq qeyd etmişdir ki, bu məsələyə onun münasibəti siyahılardan asılıdır. “O özü də agentlərin siyahılarına düşə bilərmi?” sualına cavabında Puyats demişdir ki, hələlik bunu nə təsdiq, nə də inkar edəcəkdir.
Totalitarizmin nəticələrinin sənədləşdirilməsi mərkəzinin direktoru İndulis Zalite bildirmişdir ki, siyahı ilə 1992-ci ildə tanış olarkən heyrətə gəlmişdir. Orada alimlərin, nəqliyyat işçilərinin, daxili işlər qurumları əməkdaşlarının, yaradıcı ziyalıların, müxtəlif ekspertlərin, linqvistlərin, gidlərin, hüquqçuların, pedaqoqların adları var.
Məlumdur ki, keşişlər DTK-nın ideoloji hissəsində ayrıca 4-cü, klerikal şöbədə işləyirdilər. Keşişləri komitəyə cəlb edənlər iki məqsəd güdürdülər: əvvələn, keşişlər Sovet İttifaqını xaricdə təmsil edirdilər, çünki dünya kommunistlərlə əməkdaşlıq etmək istəmirdi. İkincisi isə, DTK kilsə vasitəsilə dövlət əleyhinə ədəbiyyatın və təbliğatın yayılmamasına nəzarət edirdi.
İ.Zalite siyahıda keşişlərin çoxluq təşkil etməsinə işarə vurmuşdur.
Latviya mətbuatının yazdığına görə, digər peşə sahiblərindən fərqli olaraq, keşişlər çox vaxt öz vəzifələrini ömürlərinin axırınadək yerinə yetirirlər və deməli, həmin adamlar hələ də iş başındadırlar.