CƏMİYYƏT
Lənkəran Ağır Cinayətlər Məhkəməsində ötən ilin yekunları ilə bağlı regional müşavirə keçirilmişdir
Bakı, 19 fevral (AZƏRTAC). Lənkəran Ağır Cinayətlər Məhkəməsində 2011-ci ilin yekunları ilə bağlı regional müşavirə keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, müşavirədə 2011-ci ildə daxil olan cinayət işlərinin məhkəməyədək araşdırılması zamanı çıxarılan xüsusi qərarların ümumiləşdirilməsi, əməliyyat axtarış fəaliyyəti və ilkin tədqiqat materiallarının tərtibatı zamanı yol verilmiş qanun pozuntuları təhlil olunmuşdur.
Müşavirədə məhkəmənin sədri Natiq Əliyev çıxış etmişdir. Bildirilmişdir ki, hesabat dövründə Məhkəməyə daxil olmuş 334 cinayət işindən 278-nə baxılmışdır.
Həyat və sağlamlıq əleyhinə cinayət əməli törətdiyinə görə 86 nəfər, narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsinə 201 nəfər, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı zamanı cinayət əməli törədiklərinə görə 10 nəfər müxtəlif cəzalara məhkum olunmuşdur.
Müşavirədə 2012-ci ildə qarşıda duran vəzifələr də müzakirə edilmişdir.