LƏNKƏRAN AZƏRBAYCANIN FUTBOL MƏRKƏZLƏRİNDƏN BİRİNƏ ÇEVRİLMİŞDİR
Futbol üzrə Azərbaycan çempionatının ən gənc iştirakçısı olan “Xəzər-Lənkəran” yarandığı vaxtdan, 3 ildir ki, yüksək nailiyyətlər qazanmağa səy göstərirdi. Üçüncü cəhd uğurlu oldu. Komanda əvvəlcə ölkə çempionatında qalib gəldi, sonra isə mayın 28-də - Respublika günündə Azərbaycan kubokunu qazandı. Bir sözlə, bu mövsüm “Xəzər-Lənkəran” və cənubluların baş məşqçi vəzifəsində ilk dəfə çalışan Ağasəlim Mircavadov üçün çox uğurlu olmuşdur.
...2003-cü ilin dekabrı Azərbaycan futboluna çoxdan gözlənilən dəyişikliklər gətirdi. Azərbaycan Futbol Federasiyaları Assosiyasiyasının (AFFA) rəhbərliyi dəyişildi, futbola dövlət tərəfindən dəstək verildi. Respublika Prezidenti, Milli Olimpiya Komitəsinin (MOK) başçısı İlham Əliyevin diqqət və qayğısı ölkə futbolunun təşəkkülündə, onun keyfiyyətcə yeni səviyyəyə qalxmasında əsas rol oynamışdır. Bir çox dövlət şirkətləri və özəl şirkətlər, biznesmenlər idmanın bir nömrəli növünə çəkinmədən sərmayə qoymağa başladılar ki, bu da ilk növbədə, klubların vəziyyətinə təsir göstərdi. Həm paytaxta, həm də bölgələrdə yeni bacarıqlı və iddialı komandalar yarandı. Bunlardan biri də “Xəzər-Lənkəran” idi.
Komandanın rəhbərliyi 2004-cü ilin yayında hər şeyi sıfırdan başladı. Axı, Lənkəran uzun illər Azərbaycanın futbol xəritəsindən kənarda qalmışdı. Rayon stadionu bərbad vəziyyətdə idi. Bəs futbolçuları və məşqçiləri necə cəlb etməli? Komandanın sponsoru olan “Palmali” şirkətlər qrupunun yaratdığı şərait sayəsində futbol nəinki Lənkərana qayıtdı, həm də bura Azərbaycanın futbol mərkəzlərindən birinə çevrildi. İndi “Xəzər-Lənkəranın” transfer fəaliyyəti Türkiyədə və bütün keçmiş sovet məkanında diqqəti cəlb etmiş, komanda haqqında məqalələr Avropa mətbuatında da dərc olunmağa başlamışdır. Ölkə çempionatında ilk dəfə çıxış edən “ağ-yaşıllar”sponsorunun və rəhbərliyinin səyləri sayəsində həmin mövsümdə gümüş medala layiq görülmüş və Avropa turnirləri arasında əhəmiyyətinə görə ikinci sayılan UEFA kuboku yarışlarına vəsiqə qazanmışdılar.
Lakin rəhbərliyin səyləri yalnız çempionluğa yönəldilmişdi. Şəhər stadionu bərpa edildi və demək olar ki, yenidən tikildi. Hazırda bu stadion keçmiş sovet məkanında ən yaxşı futbol meydançalarından biridir. Hətta Avropa Futbol İttifaqının (UEFA) məmurları da bu gözəl qurğuya heyran qalmış və onu Cənubi Qafqazda ən yaxşı stadion adlandırmışlar. Yeri gəlmişkən, stadionun 2006-cı il avqustun 11-də keçirilən açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev şəxsən iştirak etmişdi. Komanda isə çoxsaylı azarkeşlərini (qeyri-rəsmi məlumata görə, “Xəzər-Lənkəran”ın azarkeşləri ölkənin digər komandalarının azarkeşlərindən dəfələrlə çoxdur) “Neftçi” komandası üzərində qələbəsi ilə sevindirmişdi.
Lənkəranda komandanın baş həkimi, tanınmış və təcrübəli mütəxəssis Boris Xetaqurovun təşəbbüsü və klubun rəhbərliyinin dəstəyi ilə ölkədə analoqu olmayan tibbi idman mərkəzi açılmışdır.
Klub uşaq futbolunun inkişafına da böyük diqqət yetirir. Müxtəlif yaşlarda uşaqlardan ibarət dörd hazırlıq qrupu fəaliyyət göstərir. Bu mövsümdə əsas komandanın uğurları ilə yanaşı, 1989-90-cı il təvəllüdlü yeniyetmələrdən ibarət komanda da fərqlənmiş, ölkə çempionatında üçüncü yeri tutmuşdur.
Bir sözlə, mövsüm çox məhsuldar başa çatmışdır. Komanda ölkə çempionatında və kubokunda qalib gəlmiş və qitənin ən nüfuzlu turnirinə - Çempionlar liqasına vəsiqə almışdır. İnanmaq olmur ki, bu uğurlar cəmi üç il əvvəl yaradılan komandaya məxsusdur.
Hazırda komanda Avropa yarışlarında özünü göstərmək niyyətindədir. “Xəzər-Lənkəran” Çempionlar liqasında ilk görüşünü iyulun 17-də Tofiq Bəhramov adına respublika stadionunda Zaqrebin “Dinamo” klubu ilə keçirəcəkdir. Komandamız adlı-sanlı rəqibləri ilə görüşə Avstriyada hazırlaşmışdır. Burada Avropanın bir neçə güclü klubu ilə görüşlər keçirilmişdir.
Klubda idmanın digər növlərinə, o cümlədən sərbəst və yunan-Roma güləşlərinə, cüdo, boks, qaydasız döyüş növlərinə də diqqət yetirilir. Bütün bunlar göstərir ki, “Xəzər-Lənkəran” ölkənin idman şərəfini qorumağa qadir iri idman klubuna çevrilmişdir.