Lənkəranda qida məhsulları saxlanılan anbarın qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi aşkarlanıb
Bakı, 29 noyabr, AZƏRTAC
Daxil olan məlumat əsasında Lənkəran şəhəri, 21-ci məhəllədə yerləşən, Yusifli Rəsul Nazim oğluna məxsus anbarda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama aparılıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub.
Həmçinin anbarda etiket məlumatları və müşayiətedici sənədləri olmayan ümumi çəkisi 280 kiloqram olan 28 qutu toyuq əti, ümumi çəkisi 30 kiloqram olan 3 qutu toyuq ayağı, ümumi çəkisi 280 kiloqram olan toyuq qanadı, müşayiətedici sənədləri olmayan ümumi çəkisi 1640 kiloqram olan 164 qutu “Belarus” əmtəə nişanlı toyuq əti, ümumi çəkisi 144 kiloqram olan 18 qutu “Paim File” əmtəə nişanlı toyuq filesi, ümumi çəkisi 80 kiloqram olan 8 qutu “Lebro” əmtəə nişanlı toyuq əti, ümumi çəkisi 80 kiloqram olan 8 qutu “Zümrüd” əmtəə nişanlı toyuq əti, 5,9 kiloqram “Siyəzən Məhsulu” əmtəə nişanlı toyuq əti, istifadə müddəti bitmiş 12,5 kiloqram “Elle Vire” əmtəə nişanlı kərə yağı, 3 kiloqram “Siyəzən Məhsulu” əmtəə nişanlı toyuq subməhsulu aşkarlanıb.
Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində ümumi çəkisi 85,9 kiloqram olan “Zümrüd” və “Siyəzən Məhsulu” əmtəə nişanlı toyuq əti məhsulunda nəmliyin kütlə payının normadan artıq olduğu müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq inzibati tədbir görülüb, istehlaka yararsız məhsulların satışa çıxarılmasının qarşısı alınıb, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub.