LƏNKƏRANDA REGİONAL BİZNES-FORUM KEÇİRİLMİŞDİR
Forumda Astara, Lənkəran, Masallı, Cəlilabad, Lerik və Yardımlı rayonlarının icra hakimiyyətlərinin başçıları, Türk İş Adamları Birliyinin, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin, İran Ticarət və Sənaye Palatasının, Azərbaycan-Rusiya İşgüzar Palatasının nümayəndələri, cənub bölgəsinin sahibkarları, xarici sərmayədarlar və ölkəmizdə fəaliyyət göstərən müvəkkil bankların nümayəndələri iştirak etmişlər.
Tədbirin əsas məqsədi Lənkəran iqtisadi rayonunda sərmayə qoyuluşu imkanlarını müzakirə etmək, cənub bölgəsinin iqtisadi potensialından daha səmərəli istifadə etmək, iş adamları arasında geniş əməkdaşlıq əlaqələrinin qurulmasına şərait yaratmaq və sahibkarların sərmayə layihələrinin güzəştli maliyyələşdirilməsinə nail olmaqdır.
İqtisadi inkişaf naziri Fərhad Əliyev forumda çıxış edərək ölkəmizin iqtisadiyyatının daha da inkişaf etdirilməsi, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın yerinə yetirilməsi, sahibkarlığa dövlət qayğısının artırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışmışdır.
Dövlət Proqramında Lənkəran iqtisadi rayonu üzrə nəzərdə tutulan tədbirlərin icrasından söhbət açan nazir, regionda 9300-dən artıq iş yerinin açıldığını, bunun 5000-nin daimi iş yeri olduğunu diqqətə çatdırmışdır.
Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi Ağacan Əhmədov “Lənkəran iqtisadi rayonu: mövcud vəziyyət və perspektivlər”, Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev “Sahibkarlığın maliyyə təminatı və kredit təşkilatları ilə əməkdaşlıq imkanları”, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Zeynal Nəğdəliyev “Lənkəranın inkişaf perspektivləri” mövzularında çıxış etmişlər.
Toplantıda alman, türk və İran iş adamları bölgənin iqtisadiyyatının konkret sahələrinə maraqlarını diqqətə çatdırmışlar.
Biznes-forum çərçivəsində keçirilən yerli istehsal müəssisələri məhsullarının sərgisində nümayiş etdirilən məhsullar və xidmətlərlə forum iştirakçıları yaxından tanış olmuşlar.
Günün ikinci yarısında Lənkəran Olimpiya İdman Kompleksində kredit yarmarkası keçirilmişdir.
Kredit yarmarkasında Lənkəran iqtisadi rayonu üzrə sahibkarlara 10 milyard manata yaxın kreditin verilməsi barədə qərar qəbul edilmişdir.
Ayrılmış kreditlərin istifadəsi nəticəsində cənub bölgəsində 1000-dən çox vətəndaş yeni iş yeri ilə təmin olunacaqdır.