LƏNKƏRANDA RUS DİLİNİN TƏDRİSİNƏ DAİR SEMİNAR KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, seminardan əvvəl iştirakçılar ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan mərkəzi meydanda onun portreti önünə çiçək dəstələri qoymuşlar.
LDU-nun rektoru, professor Mirzə Bağırov iştirakçıları salamlamış, rus dilinin hər iki xalqın ünsiyyətində, məişətində və mədəni əlaqələrində oynadığı roldan, respublikamızda bu dili tədris edən təhsil ocaqlarından, həmin dildə nəşr olunan qəzet və jurnalların sayının artmasından söhbət açmışdır. O, respublikmızda yaşayan rusların öz dillərini və mədəniyyətlərini inkişaf etdirməsi üçün Prezident Heydər Əliyevin yeritdiyi siyasəti xatırlatmış, həmin siyasətin bu gün də uğurla davam etdirildiyini vurğulamışdır.
Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin məsləhətçisi Parmen Şenşen, Bakı Slavyan Universitetinin prorektoru Asif Hacıyev, Azərbaycanda Rus İcması sədrinin müavini Viktor Tatarenko, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Rafiq Əliyev çıxış etmişlər.
Seminarda respublikamızda rus dili və ədəbiyyatının tədrisi ilə əlaqədar 11 məruzə dinlənilmiş, bu sahədə mövcud problemlərin həlli istiqamətində müxtəlif təkliflər verilmişdir.
Tədbirdə 5 nəfərdən ibarət Əlaqələndirmə şurası yaradılmışdır.
Seminar iştirakçıları LDU-nun iclas salonunda nümayiş etdirilən “Rus dilini öyrənirik”, “Rus dilini öyrən və sev”, “Rusiya bizim uşaqların gözü ilə” adlı stendlərdəki materiallarla tanış olmuşlar.
Sonra icra hakimiyyətində seminar iştirakçıları ilə görüş keçirilmişdir.