Lənkəranda yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq məqsədilə regional müşavirə keçirilib
Lənkəran, 12 may, İlkin Adıyev, AZƏRTAC
Lənkəran şəhər Heydər Əliyev Mərkəzində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq məqsədilə regional müşavirə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müşavirədən öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən müşavirədə aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də 9 rayonun yerli icra hakimiyyəti orqanlarının, habelə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və bələdiyyələrin nümayəndələri iştirak ediblər.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışında bildirib ki, son dövrlər yanğın hadisələrinin sayında artım müşahidə olunur, bunun da başlıca səbəbi insan faktorudur. Onun sözlərinə görə, küllü miqdarda ziyanla nəticələnən yanğın hadisələrinin baş verməməsi üçün preventiv tədbirlərin görülməsinə ehtiyac var.
Daha sonra ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, ETSN-nin Meşələrin İnkişafı Xidmətinin rəis müavini Mohuma Heraçiyev çıxış ediblər. Natiqlər meşə təsərrüfatının qorunmasının vacibliynə diqqət çəkiblər.
Doqquz rayon üzrə statistik rəqəmlərin öncəki dövrlərlə müqayisəli təhlili aparılıb, yanğınların baş vermə hallarının qarşısının alınmasına, eləcə də baş verən yanğın hadisələrinə vaxtında müdaxilə olunmasına dair təkliflər irəli sürülüb.
Qeyd edilib ki, yanğınla mübarizə istiqamətində hər şeydən əvvəl maarifləndirici addımların atılmasına ciddi ehtiyac var. Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri çıxışlarında aidiyyəti üzrə qurumların rəhbərlərinə və nümayəndələrinə tapşırıqlarını veriblər.