LİTVA PREZİDENTİ VALDAS ADAMKUSUN BƏYANATI
-Hörmətli cənab Prezident!
Sizi Litvada görməkdən olduqca məmnunam. Xüsusi olaraq mən bildirmək istəyirəm ki, ölkələrimiz arasındakı bu cür intensiv əməkdaşlıq nəinki Litvada, həm də beynəlxalq miqyasda müşahidə olunur.
Qısa müddət ərzində bir neçə dəfə görüşlərimiz olmuş və regional siyasətə aid məsələləri nəzərdən keçirmişik. Biz enerji məsələlərini müzakirə etdik ki, bunlar da bizim üçün böyük əhəmiyyət daşıyır. Bizim ilkin görüşlərimiz zamanı ölkənizin bu sahədəki imkanları haqqında danışmışdıq. Bilirik ki, ölkənizin enerji ehtiyatları böyükdür və regiondakı bu siyasətin ümumi strategiyasına ölkənizin hansı yolla, necə töhfə verəcəyini müzakirə etdik. Beləliklə, biz artıq danışıqlarımızı kifayət qədər realist bir məcraya salmışıq. İndi isə biz artıq buna beynəlxalq şəbəkəni qoşuruq. Bununla Sizin regionunuz Avropaya daha da yaxınlaşır.
Mən xüsusi vurğulamaq istəyirəm ki, xalqlarımız arasında nəinki enerji və iqtisadi sahələrdə əməkdaşlıq mövcuddur, eyni zamanda, bu, beynəlxalq səviyyədə də çox gözəçarpan dərəcədə artmışdır. Avropa İttifaqı və NATO ilə əməkdaşlıq sahəsində əlaqələr böyük əhəmiyyət kəsb edir. Biz bu məsələləri Sizinlə müzakirə etdik və Azərbaycanın beynəlxalq qurumlara qoşulmasında Litva hər zaman mümkün olan dərəcədə yardım göstərəcək və biz öz təcrübəmizi sizinlə bölüşməyə hazırıq.
Bu gün çox mühüm hadisə odur ki, əməkdaşlıq haqqında beş saziş imzalandı. Onlar iqtisadi və mədəni məsələlərə aiddir. Mən Sizə bir daha minnətdarlığımı bildirirəm və olduqca məmnunam ki, bizim mövqelərimiz üst-üstə düşür. Hətta razılıq olmayan məsələni tapmaq da çətindir, münasibətlərimizdə bütün məsələlər üzrə mövqelərimiz eynidir, heç bir mübahisəli məsələ yoxdur. Biz bilirik ki, gələn ay Vilnüsdə enerji sammiti keçiriləcək və Sizin iştirakınızı səbirsizliklə gözləyəcəyik.
Biz çox şadıq ki, bu gün Sizinlə bir çox iş adamlarından ibarət böyük nümayəndə heyəti gəlibdir. Onlar da həmkarları ilə müzakirələr aparacaqlar.
Bir daha xoş gəlmisiniz!