Lixtenşteyndə kiberhücum nəticəsində 31 min nəfərin məlumatları oğurlanıb
Berlin, 3 avqust, AZƏRTAC
Lixtenşteynə genişmiqyaslı kiberhücum nəticəsində 31 min nəfərə aid məlumatlar ələ keçirilib.
AZƏRTAC Almaniya mediasına istinadla xəbər verir ki, hadisə ilə əlaqədar Baş nazir Brigit Haas və ədliyyə naziri Emanuel Şedlerin rəhbərliyi altında xüsusi böhran qərargahı yaradılıb.
Rəsmi açıqlamada bildirilib ki, hücum nəticəsində vətəndaşların şəxsi məlumatlarının təhlükəsizliyi pozulub. Kiberhücumun hədəfi şirkətlərin, fondların və digər biznes qurumlarının həqiqi sahiblərin adlarının və digər məlumatlarının saxlanıldığı məlumat bazası olub. Bu baza çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə yaradılıb. Hazırda insidentin miqyası və oğurlanmış məlumatlardan necə istifadə oluna biləcəyi araşdırılır.
Qırx mindən çox əhalisi olan Lixtenşteyn adambaşına düşən ümumi daxili məhsul göstəricisinə görə dünyanın ən varlı ölkələrindən biri sayılır. Ölkənin iqtisadiyyatının əsas dayaqlarından biri maliyyə və bank sektorudur. Əvvəllər Lixtenşteyndə yaradılan fondlardan və bank hesablarından vergidən yayınmaq məqsədilə istifadə olunurdu. Lakin 2017-ci ildə vergi məsələləri üzrə bank sirri rejimi ləğv edilib və ölkə beynəlxalq maliyyə şəffaflığı standartlarına uyğun islahatlar həyata keçirib.