DÜNYA
Macarıstan ölkə vətəndaşlarını tez-tez vaksinasiya olunmağa məcbur etməyəcək
![Macarıstan ölkə vətəndaşlarını tez-tez vaksinasiya olunmağa məcbur etməyəcək](/files/2022/1/1200x630/16442327902659222651_1200x630.jpg)
Budapeşt, 7 fevral, AZƏRTAC
Macarıstan hökuməti COVID-19-a qarşı ilk iki peyvənd vurdurmuş insanlar üçün immunitet barədə sertifikatların qüvvədə olma müddətini mayın 1-dək artırmaq niyyətindədir.
AZƏRTAC Macarıstanın Baş nazirinin dəftərxanasının məlumatına istinadla xəbər verir ki, bu tədbir Avropa İttifaqının üzvü olan digər ölkələrin praktikasına uyğun olaraq həyata keçirilir: həmin ölkələrdə “omikron” ştamının yaranması ilə əlaqədar immunitet sertifikatları barədə qaydaları sərtləşdirilmir. Bu səbəbdən Macarıstan hökuməti də öz vətəndaşlarının ayrı-seçkiliyə məruz qalmasına və Aİ üzvü olan digər ölkələrin vətəndaşları ilə müqayisədə onların əlverişsiz vəziyyətə düşməsinə imkan verməyib.
Bundan əvvəl, Macarıstan hökuməti ikinci dəfə peyvənd vurdurmasından ən çoxu 6 ay keçmiş və ya təkrar peyvənd vurdurmuş insanlara verilmiş immunitet sertifikatlarının qüvvədə olma müddətini fevralın 15-dən etibarən məhdudlaşdırmağı planlaşdırırdı. İndi isə Avropa Komissiyası belə hesab edir ki, sertifikatların qüvvədə olma müddəti müəyyən edilərkən vaksinləmənin birinci dövrəsi başa çatandan sonra ən geci 6 ay müddətində təkrar peyvənd vurmaq tövsiyəsi nəzərə alınmalıdır. Buster dozalarının əlçatanlığına təminat vermək üçün Aİ-nin elektron sertifikatları güzəştli müddət dövründə qüvvədə qalacaq. Güzəştli müddət dedikdə əvvəlki 6 aydan əlavə 3 aylıq müddət nəzərdə tutulur.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt