MACARISTAN TELEVİZİYASININ BİR GÜNLÜK EFİRİ AZƏRBAYCANA HƏSR OLUNACAQDIR
İlkin razılaşmaya əsasən, “Duna” televiziyasının efirində Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, ölkəmizin qazandığı nailiyyətlər və üzləşdiyi problemlər, o cümlədən Ermənistanın Azərbaycana təcavüzü və onun acı nəticələrindən bəhs edən film və videomateriallar göstəriləcəkdir. Görüşdə İ.Ömərov Azərbaycan ilə bağlı materialları Macarıstan televiziyasına təqdim etmişdir. Bundan əlavə, görüşdə hər iki tərəfin sıx əməkdaşlıq istəyi ifadə olunmuş və müvafiq müqavilə imzalanmışdır.
Macarıstana səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ölkə parlamentində, şəhər meriyasında keçirilən görüşlərdə respublikamızla bağlı həqiqətləri qarşı tərəfin diqqətinə çatdırmışdır. Müxtəlif sahələrdə, o cümlədən elektron kütləvi informasiya vasitələri sahəsində əməkdaşlığın xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə təkan verəcəyi bildirilmişdir.
“Duna” televiziyasının rəhbərliyi ilə razılaşmaya əsasən, İctimai TV öz növbəsində birgünlük efirini Macarıstana həsr edəcəkdir. Eyni zamanda, may ayında “Duna” televiziyasının nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılır.