Macarıstanın Vaşad qəsəbəsində həmvətənimiz, Sovet İttifaqı qəhrəmanı Mirzə Vəliyevin məzarı ziyarət edilib
Budapeşt, 6 may, AZƏRTAC
Azərbaycanın Macarıstandakı səfirliyinin kollektivi ölkənin Vaşad qəsəbəsində səfirlik və Qardaşlıq Macar-Azəri Cəmiyyətinin birgə səyi nəticəsində məzarı aşkar edilmiş həmyerlimiz, Sovet İttifaqı qəhrəmanı Mirzə Vəliyevin xatirəsini yad edib.
Anım mərasimində səfir Vilayət Quliyev çıxış edərək İkinci Dünya müharibəsi zamanı alman faşistlərinə qarşı Macarıstan ərazisində gedən döyüşlərdə həlak olmuş həmyerlimiz haqqında məlumat verib, Azərbaycan oğullarının müharibə illərində göstərdiyi şücaətdən qürur duyduğunu bildirib.
Vaşad qəsəbəsinin meri Marton Yojef Zoltan çıxış edərək azərbaycanlı Sovet İttifaqı qəhrəmanının məzarının vaxtaşırı ziyarət edildiyini diqqətə çatdırıb. O, Azərbaycan səfirinin məhz bu məqsədlə Vaşad qəsəbəsinə gəlməsinin təqdirəlayiq olduğunu qeyd edib. Mer Azərbaycan nümayəndə heyətinin bu tədbirdə iştirakının Azərbaycan hökumətinin öz qəhrəman övladlarına diqqət və qayğısının göstəricisi olduğunu vurğulayıb.
Səfirliyin adından qəhrəmanımızın məzarı önünə əklil və gül dəstələri qoyulub.
Səfər çərçivəsində, həmçinin səfir V.Quliyev Vaşadın bələdiyyə şurasında görüş keçirib. Görüşdə Vaşad qəsəbəsinin küçələrindən birinə Mirzə Vəliyevin adının verilməsi ilə bağlı məsələ müzakirə olunub. Qarşı tərəf həmvətənimizin doğulduğu Qusar rayonu ilə daha sıx əməkdaşlıq qurmaq arzusunda olduğunu bildirib. Səfir bu istiqamətdə səfirlik tərəfindən lazımi dəstək göstərilə biləcəyini diqqətə çatdırıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt