MAESTRO NİYAZİNİN YUBİLEYİNƏ HƏSR EDİLMİŞ KONFRANS
Mədəniyyət Nazirliyi, Musiqi Mədəniyyəti Muzeyi və Bakı Musiqi Akademiyası avqustun 16-da görkəmli Azərbaycan bəstəkarı və dirijoru Niyazinin ev-muzeyində maestronun 90 illik yubileyinə həsr edilmiş konfrans keçirmişdir. Muzeyin foyesində yubiley foto sərgisi təşkil olunmuşdur. Konfransda Mədəniyyət Nazirliyinin və ziyalıların nümayəndələri, incəsənət xadimləri, tələbələr iştirak edirdi.
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva konfransı giriş sözü ilə açaraq dedi ki, maestro Niyazi nəinki milli mədəniyyətimizin, həm də dünya mədəniyyətinin inkişafına çox böyük və misilsiz töhfə vermiş, onun adı musiqi sənəti xəzinəsinə qızıl hərflərlə yazılmışdır. O, öz heyrətamiz istedadı ilə Azərbaycanı şöhrətləndirərək, gələcək nəsillər üçün böyük yaradıcılıq irsi qoyub getmişdir. S.Məmmədəliyeva xatırlatdı ki, 1994-cü il sentyabrın 18-də Bakıda Niyazinin ev-muzeyinin açılış mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev də iştirak etmişdir.
Sonra Musiqi Mədəniyyəti Muzeyinin direktoru Alla Bayramova, Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru professor Gülnaz Abdullazadə çıxış etdi. Sənətşünas Fəttah Xalıqzadə maestronun həyat və yaradıcılıq yolundan, sənətşünaslıq namizədi, Bakı Musiqi Akademiyasının dosenti Nailə Rəhimbəyli Niyazinin dram əsərlərinə bəstələdiyi musiqidən və xarici ölkələrə qastrollarından söz açdılar. Sənətşünaslıq namizədi, dosent Şəhla Mahmudova “Niyazi və Azərbaycan musiqiçiləri” mövzusunda məruzə etdi.
Axırda maestro Niyazinin əsərləri ifa olundu.