REGİONLAR
Magistral yolun Gəncə-Gürcüstan sərhədi hissəsi 4 zolağa genişləndirilir VİDEO
Bakı, 4 iyun, AZƏRTAC
Bakıdan Gürcüstan sərhədinədək 503 kilometr məsafəni əhatə edən magistralın 130 kilometrlik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrasına başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tikinti-quraşdırma işləri avtomobil yolunda vətəndaşların rahat və maneəsiz hərəkəti dayandırılmadan yerinə yetirilir, “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun keyfiyyətlə aparılır.
Layihəyə əsasən yolun ümumi eni 27,5 metrdir. Hazırda yolboyu yeni torpaq yatağının tikintisi, həmçinin suötürücü boruların, alt keçidlərin və körpülərin inşası işləri aparılır. Bunun ardınca isə qırmadaşlı əsasın tikintisinə və asfalt-beton örtüyünün döşənməsinə işlərinə başlanılacaq. 31 yol qovşağı və ötürücüsü, 13 avtomobil körpüsü inşa olunacaq. Bundan başqa, yolboyu 69 yeraltı keçid, 39 düzbucaqlı su keçidi, 523 suötürücü boru və 86 avtobus dayanacağı tikiləcək.
Tikinti ərazisinə və mühafizə zolaqlarına düşən maneələrin köçürülməsi, torpaqlara görə vətəndaşlara kompensasiyaların ödənilməsi qanunvericiliyə əsasən və inşaat işlərindən öncə həyata keçirilir.
Layihə tam reallaşandan sonra şərqdən qərbə və əks istiqamətdə Böyük İpək yolunun Azərbaycandan keçən hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolu Avropa ilə Asiya arasında beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq.