Marneulidə Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib
Tbilisi, 21 iyul, AZƏRTAC
Bu gün Gürcüstanın Marneuli şəhərindəki “Azərbaycan Evi”ndə Azərbaycan milli mətbuatının 150 illiyinə və AZƏRTAC-ın fəaliyyətinin 105 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib. AZƏRTAC-ın Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) və Azərbaycan dilində nəşr olunan “Gürcüstan” qəzetinin birgə təşkil etdiyi tədbirdə diplomatlar, Marneuli bələdiyyəsinin deputatları, Gürcüstan parlamentinin sabiq deputatları, ictimaiyyət nümayəndələri, jurnalistlər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, GAK sədri Hüseyn Yusifov çıxış edərək Azərbaycan mətbuatının yaranma tarixi, keçdiyi şərəfli yol barədə ətraflı məlumat verib.
Bildirib ki, 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin nəşri ilə Azərbaycanda milli mətbuatın əsası qoyulub. Müxtəlif illərdə Azərbaycan əlifbasının dəyişməsi, çar Rusiyasının təzyiqləri və s. səbəblərə görə milli mətbuatımız bir çox çətinliklərlə qarşılaşıb, qəzetin nəşri dayandırılıb. Lakin bütün bunlara baxmayaraq Azərbaycan mətbuatı yenə də inkişaf edib və bu gün Cənubi Qafqazda əsas lokomotiv rolunu oynayır.
H.Yusifov Azərbaycan mətbuatının inkişafında 105 yaşlı AZƏRTAC-ın rolunu xüsusi qeyd edib. Bildirib ki, AZƏRTAC bu gün istər Azərbaycanda, istərsə də dünyada əsas rəsmi və etibarlı informasiya mənbəyidir.
AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizov Azərbaycan milli mətbuatının inkişafının son 40 ilə yaxın inkişaf dövrünə nəzər salıb, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkə həyatının siyasi, iqtisadi, mədəni həyatı ilə yanaşı, mətbuatın inkişafında da inkişaf prosesinin başlandığını diqqətə çatdırıb. Bildirib ki, mətbuat üzərində senzuranın ləğvi, qəzet redaksiyalarının nəşriyyatlara borclarının silinməsi milli mətbuatımızın inkişafında mühüm rol oynayıb.
O qeyd edib ki, bu gün də mətbuata dövlət qayğısı davam edir. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində mətbuatın inkişafı ilə bağlı xüsusi dövlət və qeyri-hökumət təşkilatlarının yaradılması buna əyani sübutdur.
Bu gün AZƏRTAC-ın, Azərbaycan Dövlət Televiziyası - AzTV-nin Gürcüstan büroları ölkələrimiz arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynayırlar.
“Gürcüstan” qəzetinin baş redaktoru Xaləddin Yolçuyev Gürcüstanda Azərbaycan mətbuatının yeri və rolu, hər iki ölkənin mətbu orqanları arasındakı əməkdaşlığı, informasiya mübadiləsi, dezinformasiyalara qarşı birgə mübarizənin əhəmiyyəti, sosial şəbəkələrin ənənəvi medianın inkişafına mənfi təsiri barədə ətraflı məlumat verib.
Sonra Azərbaycan milli mətbuatının 150 illik yubileyi ilə əlaqədar mükafatlar təqdim olunub.
105 yaşlı Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC milli mətbuatımızın 150 illik yubileyi münasibətilə, eləcə də, Gürcüstan-Azərbaycan strateji əlaqələrinə verdiyi töhfələrə görə Fəxri Fərmanla təltif edilib. Eyni zamanda, AzTV və AZƏRTAC-ın Gürcüstan üzrə müxbirləri də Fəxri Fərmanla təltif olunublar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi