Marneulidə oxatma idman növü üzrə yarış keçirilib
Tbilisi, 8 mart, AZƏRTAC
Martın 8-də Marneulidəki “Azerbaijan House”də oxatma idman növü üzrə rayon birinciliyi keçirilib.
Yarışma “İnkişaf və Təhsil Mərkəzi” və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb.
“Geleneksel Türk Oxculuq Kursu” layihəsi çərçivəsində keçirilən yarışmada gənclər ox atmaq üzrə bacarıqlarını nümayiş etdiriblər.
Yarışı Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov, Yunus Əmrə İnstitutunun rəhbəri Ali Oğuzxan Yüksəl, “Azerbaijan House”un rəhbəri Məhəbbət İmanov, “İnkişaf və Təhsil Mərkəzi”nin rəhbəri Emin Əhmədov, Marneuli bələdiyyəsinin deputatları, ictimaiyyət nümayəndələri izləyiblər.
F.C.Yazqan, Eldar Bayramov və başqaları çıxış edərək gəncləri təbrik edib, onları idmana, elmə, təhsilə daha çox maraq göstərməyə dəvət ediblər.
Çıxışlarda bu cür tədbirlərin təşkilinin əhəmiyyəti qeyd olunub.
Emin Əhmədov AZƏRTAC-a müsahibəsində deyib ki, Yunus Əmrə İnstitutu və “İnkişaf və Təhsil Mərkəzi” bu layihəyə 2021-ci ilin oktyabr ayından başlayıb. Məqsədimiz gənclərin idmana marağını artırmaq, onların asudə vaxtlarının səmərəli təşkil etmək, eyni zamanda, yeniyetmə və gənclər arasında milli oyunlarımızı təbliğ etməkdir.
Onun sözlərinə görə, gənclərimiz üçün milli oxatma kursları davam edir.
Yarışmada 30 mümkün xaldan 27 bal toplayan Qabil Məmmədov I yerə, 24 bal toplayan Qasım Əliyev II yerə, 23 bal toplayan Okan Salahlı isə III yerə çıxıblar.
Qaliblərə mükafatlar təqdim olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi