Mart soyqırımı bəşər tarixinin ən dəhşətli cinayətlərindəndir
Ağcabədi, 31 mart, AZƏRTAC
1918-ci ilin mart-aprel aylarında ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlar öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən dəhşətli cinayətlərindəndir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və təhsil şöbəsinin birgə keçirdikləri 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş videokonfransda səsləndirilib. Əvvəlcə soyqırımı qurbanlarının və respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov, Avşar kənd 1 nömrəli tam orta məktəbin müəllimi Vəsilə Hüseynzadə, Ağcabədi şəhər 5 nömrəli tam orta məktəbin müəllimi Nəzakət Həsənova, təhsil şöbəsinin əməkdaşı İlkin Məmmədzadə və başqaları çıxış edərək, azərbaycanlılara qarşı həyata keçirilən kütləvi qırğın və deportasiya siyasətindən, 1918-ci il martın sonu - aprelin əvvəllərində ermənilər tərəfindən törədilən kütləvi qırğınlardan bəhs ediblər. Bildirilib ki, mart hadisələri zamanı ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirib, diri-diri yandırıblar. Milli memarlıq inciləri, məktəblər, xəstəxanalar, məscid və digər abidələr dağıdılıb. Bakının böyük bir hissəsi xarabalığa çevrilib. Kütləvi qırğınlar təkcə Bakıda deyil, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə də həyata keçirilib. Dinc əhali qətlə yetirilib, şəhər və kəndlər yandırılıb, mədəniyyət abidələri dağıdılıb, məhv edilib.
Vurğulanıb ki, tarix unudulmur, heç nə yaddan çıxmır. Azərbaycan dövləti xalqımıza qarşı həyata keçirilən etnik düşmənçilik siyasəti haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün mümkün olan bütün vasitələrdən istifadə edir.