Mart soyqırımının qurbanları heç vaxt unudulmayacaq
Naxçıvan, 29 mart, AZƏRTAC
Tarix boyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən və “böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən ermənilər zaman-zaman xalqımıza qarşı soyqırımı törədib, havadarlarının dəstəyi ilə daim əzəli torpaqlarımızı işğal etməyə çalışıblar.
Naxçıvan Dövlət Universitetinin mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu fikirləri universitetdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfransda çıxış edən ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov səsləndirib.
Konfransda əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elmi konfransda çıxış edən Saleh Məhərrəmov deyib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan olunub. Rektor vurğulayıb ki, Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş qanlı cinayətlər xalqımızın yaddaşından heç zaman silinməyəcək.
Elmi konfransda universitetin ümumi tarix kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Abdulla Mustafayevin “31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür”, ümumi tarix kafedrasının müəllimi, Tələbə Gənclər Təşkilatının sədri, doktorant Arzu Abdullayevin “31 Mart - Tarixin qanlı və kədərli səhifəsi” mövzularında məruzələri dinlənilib.
Məruzələrdə vurğulanıb ki, müxtəlif illərdə Ermənistandakı ata-baba yurdlarından deportasiya edilən soydaşlarımızın hüquqları kütləvi surətdə pozulub, onlar insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan etnik təmizləməyə məruz qalıblar. Ermənilərin törətdiyi qanlı faciələrin daha dəhşətlisi 1918-ci ilin mart ayında baş verib. Bu hadisələr zamanı Azərbaycanın yüzlərlə şəhər və kəndi, o cümlədən Qarabağda azərbaycanlıların yaşadığı 150-dən çox kənd xarabalığa çevrilib, Şuşada görülməyən qırğınlar törədilib. Qırğınların davam etdiyi dövrdə Azərbaycan ərazisində 700 minədək azərbaycanlı, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın soydaşımız öldürülüb, məscidlər, məktəb binaları yandırılıb, dağıdılıb.
Qeyd olunub ki, bu gün Azərbaycan həqiqətlərinin dünya dövlətləri və ictimaiyyəti tərəfindən qəbul edilməsi istiqamətində uğurlu siyasət həyata keçirilir. Erməni vəhşilikləri Azərbaycan tarixinin qanla yazılmış səhifəsi olsa da, güclü Azərbaycan yerləşdiyi bölgədə söz və nüfuz sahibi olmaqla, bütün problemlərin öhdəsindən hər zaman uğurla gəlmək iqtidarına malikdir.