REGİONLAR
Masallıda işəgötürənlərlə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
Masallı, 21 dekabr, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Məşğulluq Mərkəzində “Azərbaycan Respublikasında müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsi, əhalinin səmərəli məşğulluğunun təmin edilməsi” mövzusunda və “Məşğulluq“ alt sisteminə dair dəyirmi masa keçirilib.
Tədbirdə idarə, müəssisə və təşkilatların nümayəndələri, rayonda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin keçirilməsində məqsəd dövlət məşğulluq siyasətinin həyata keçirilməsində işəgötürənlərlə Məşğulluq Mərkəzi arasında sosial tərəfdaşlığın icrasının təmin edilməsi və işəgötürənlərə “Məşğulluq” alt sistemindən istifadə prosedurları, yeni vakansiyaların sistemdə yerləşdirilməsi qaydaları haqqında ətraflı məlumatların verilməsidir.
Masallı Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Həmid Süleymanov işəgötürənlərin maarifləndirilməsi istiqamətində bu cür tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Rayon Məşğulluq Mərkəzinin direktoru Ramin Nüsrətov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan “Məşğulluq” alt sistemi barədə işəgötürənlərə ətraflı məlumat verərək qeyd edib ki, bu sistem işçi qüvvəsinə tələbatın çevik şəkildə ödənilməsinə imkan yaradır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.