Esmira Fuad: Şəhidlərimizin adlarını qayalara həkk etmək yolverilməzdir
Bakı, 5 sentyabr, AZƏRTAC
Şuşada qayalıqların üzərinə şəhid olmuş qəhrəmanlarımızın adlarının yazılması heç də xoşagələn hadisə deyil. Bundan əvvəl də, Nizami Kino Mərkəzinin yerləşdiyi tarixi binanın divarlarına qraffiti rəsmləri çəkilmişdi və bu, ciddi ictimai rezonans doğurmuşdu. İstər-istəməz, mədəniyyətimizin təəssübünü çəkən, milli mentalitetə sadiq qalan, Azərbaycan dövlətinin dəyərlərini şəxsi dəyəri kimi yüksək qiymətləndirən insanlar, ziyalılarımız bu məsələyə öz etiraz səslərini ucaltdılar.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Əbədi Turan Kitab Fondunun sədri, filologiya elmləri doktoru Esmira Fuad söyləyib.
44 günlük Vətən müharibəsi zamanı əldə etdiyimiz unikal zəfərlərin tariximizə qızıl hərflərlə yazıldığını xatırladan E.Fuad deyib ki, Şuşa Zəfəri bu tarixin ən şanlı səhifələrindən birini təşkil edir.
“Bu gün Şuşa və bütövlükdə Qarabağ dünyanın diqqət mərkəzindədir. Bir zamanlar daşı daş üstündə qalmayan, dağıdılmış və viran edilmiş Qarabağda, eləcə də Şuşada xalqımızın böyük mübarizəsi nəticəsində yeni tarix yazılıb. Şuşanın azadlığı uğrunda müxtəlif odlu silahlardan deyil, bir çox hallarda əlbəyaxa döyüşlərdə xəncər-bıçaqla mübarizə apararaq canlarından keçən fədailərimizin, Şuşa qəhrəmanlarımızın qanı bu torpağın hər daşına, hər qayasına hopub. Şəhidlərimizin adlarını qayalara həkk etmək yolverilməzdir. Məsələn, Çanaqqala şəhidlərini hamımız yaxşı tanıyırıq. Türkiyədə həmin igidlərin yaşadığı və böyük zəfər uğrunda şəhid olduğu torpaqlarda ümumi bir abidə ucaldılıb. Orada “mənim”, “sənin”, “onun” kimi bölgü yoxdur”, - deyə fondun sədri vurğulayıb.
Bəzən insanların Şuşaya və Qarabağa səfərləri zamanı ətraf mühitin çirkləndirilməsi, xoşagəlməz halların baş verməsi ilə bağlı məlumatların yayıldığını da bildirən E. Fuad hər kəs bu torpaqları göz bəbəyi kimi qorumağa çağırıb: “Şəhidlərimizin adlarını daşlara, qayalara həkk edən insanların hərəkətinə görə təəssüflənirəm. Onlar bizim uğrumuzda canlarından keçiblər və sübut ediblər ki, Azərbaycan oğulları, Azərbaycan Ordusu və Azərbaycan dövləti necə möhtəşəm qələbələr qazanmağa qadirdir. Bu qüdrətə, bu gücə, bu Zəfərə kölgə salmayaq”.
Müxbir - Günel Türksoy